Azərbaycan tibb universitetinin məzunları Hippokrat andı içiblər

Azərbaycan tibb universitetinin məzunları Hippokrat andı içiblər Tibb Universitetində "Məzun günü"nə həsr olunmuş tədbir keçirilib
Elm və təhsil
30 May , 2015 13:51
Azərbaycan tibb universitetinin məzunları Hippokrat andı içiblər

Bakı. 30 may. REPORT.AZ/ Bu gün Azərbaycan Tibb Universitetində (ATU) "Məzun günü"nə həsr olunmuş tədbir keçirilib. Universitetin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə Millət vəkili, ATU-nun rektoru Əhliman Əmiraslanov, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev, səhiyyə nazirinin müavini Elsevər Ağayev, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızıMüdafiə Nazirliyinin Tibb xidməti rəisi general-mayor Natiq Əliyev və başqaları iştirak edib.

Rektor Əhliman Əmiraslanov tədbiri açaraq, "bu gün Azərbaycan Tibb Universitetinin tələbələri də, müəllimləri də bayram əhvali-ruhiyyəsindədir" - deyə, bildirib: "Əslində, bu günlər bütün Azərbaycan xalqı böyük bayram ərəfəsindədir. İyunun 12-də Azərbaycan torpağında ilk dəfə olaraq Birinci Avropa Oyunları keçiriləcəkdir. Bu beynəlxalq tədbir ölkəmiz üçün, Azərbaycan xalqı üçün tarixi əhəmiyyət kəsb edir".

Millət vəkili Əhliman Əmiraslanov qeyd etdi ki, bugünkü buraxılış ATU-nun sayca 89-cu buraxılışıdır. Hər ilin may ayının sonlarında ənənəvi olaraq universiteti bitirən gənclər üçün "Məzun Günü" keçirilir: "Bu gün də universitetimizin kollektivi bu tarixi ənənəyə sadiq qalaraq, belə bir xoş gündə siz məzunları təbrik etməyə, sizə öz xoş arzularını çatdırmağa gəliblər. Bu il həm də Azərbaycan Tibb Universitetinin yaranmasnın 85 illiyidir. Azərbaycanda ali tibb təhsilinin tədrisinə başlanmasının isə bu il 96-cı ildönümüdür".

Tədbirdə ATU-nun professor-müəllim heyəti, tələbələrlə yanaşı iştirak edən qonaqlar da bu ilin məzunlarını təbrik edib, onlara gələcək karyeralarında uğurlar arzulayıblar.

Daha sonra Azərbaycanın Dövlət himni səsləndirilib və məzunlar Hippokrat andı içərək, xalqımızın sağlamlığının keşiyində ləyaqətlə duracaqlarına söz veriblər. Ənənəyə uyğun olaraq məzunlar arasında prezident təqaüdçüsü olan gənc birinci kursdakı davamçısına həkim libasını və rəmzi atributları təqdim edib.

Qeyd edək ki, bu il Azərbaycan Tibb Universitetini 1056 nəfər məzun bitirir. Onlardan 127 nəfəri xarici ölkə vətəndaşdır. 62 nəfər Azərbaycan vətəndaşı, 1 nəfər xarici vətəndaş, 1 nəfər magistr ATU-nu fərqlənmə diplomu ilə bitirib. Onlardan 13 nəfəri Prezident təqaüdçüsüdür. 

Son xəbərlər

Orphus sistemi