Azərbaycan Tarix Muzeyinə yaşı 4 min olan arxeoloji tapıntılar əlavə edilib

Azərbaycan Tarix Muzeyinə yaşı 4 min olan arxeoloji tapıntılar əlavə edilib Muzey fonduna daxil olan əşyaların ümumi sayı 57 ədəddir
Elm və təhsil
12 Mart , 2015 09:06
Azərbaycan Tarix Muzeyinə yaşı 4 min olan arxeoloji tapıntılar əlavə edilib

Bakı. 12 mart. REPORT.AZ/ AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsinə yeni arxeoloji tapıntılar əlavə edilib. Muzeydən "Report"a verilən məlumata görə, coğrafiya elmləri doktoru Rəna Bəyim Mir Tağı qızı Qaşqay mərhum bacısının – tarixçi və arxeoloq, tarix elmləri namizədi Solmaz Qaşqayın arxeoloji qazıntılardan əldə etdiyi qədim əşyaları muzeyə təhvil verib.

Rəna Qaşqay bildirib ki, mərhum alim Solmaz Qaşqay bu əşyaları elmi tədqiqata cəlb etsə də,  amansız tale bu işi sona çatdırmağa imkan verməyib.

Fonda daxil olmuş bu əşyaların əksəriyyəti 2004-cü ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində yerləşən İkinci Plovdağ nekropolunda aparılan arxeoloji qazıntılar zamanı aşkar edilib. Yalnız əqiq muncuq düzümündən ibarət bir əşya 1980-ci ildə həmin rayonun Mərdangölü nekropolundan tapılıb.

Qədim əşyalar tunc asmalardan, sancaqlardan, üzüklərdən, piləkşəkilli bəzəklərdən, dəvəgözü ox ucluqlarından və onların fraqmentlərindən, pastadan silindrik möhür hissəsindən, əqiq, pasta, şüşə, gil, tunc və s. materiallardan hazırlanmış müxtəlif formalı muncuq düzümlərindən ibarətdir. Təqdim olunan bütün əşyalar e.ə. II minilliyin sonuna aid olub, bu dövr sakinlərinin həyat tərzini, məişətini və məşğuliyyətlərini öyrənmək üçün qiymətli əşyavi mənbə rolunu oynayırlar.

Qeyd edək ki, muzey fonduna daxil olan əşyaların ümumi sayı 57 ədəddir.

Son xəbərlər

Orphus sistemi