Azərbaycan-Fransız Universiteti yaradılır

Azərbaycan-Fransız Universiteti yaradılır Universitet 2016-2017-ci il tədris ilindən 100 tələbə ilə fəaliyyətə başlayacaq
Elm və təhsil
27 Oktyabr , 2015 15:36
Azərbaycan-Fransız Universiteti yaradılır

Bakı. 27 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Fransanın Strasburq Universiteti arasında Azərbaycan-Fransız Universitetinin (UFAZ) yaradılmasına dair geniş müzakirələr aparılıb. 

ADNSU-nun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bununla bağlı aparılan müzakirələrdə Fransanı Strasburq Universitetinin prezidenti Alain Beretzin rəhbərliyi ilə ali təhsil müəssisələrinin təmsilçilərindən ibarət nümayəndə heyəti, Azərbaycanı isə Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı başda olmaqla, professor müəllim heyəti, eləcə də digər ali təhsil müəssisələrinin, Təhsil Nazirliyinin və digər strukturların əməkdaşları təmsil edib. 

M.Babanlı Azərbaycan-Fransa hökumətlərinin dəstəyi ilə birgə təhsil müəssisəsinin - Azərbaycan-Fransa Universitetinin (UFAZ) yaradılmasının böyük əhəmiyyətini qeyd edərək, layihə ətrafında fikir və təkliflərini irəli sürüblər. Müzakirələr zamanı bildirilib ki, Azərbaycan-Fransa Universitetinin yaradılması ikitərəfli əməkdaşlıq və tərəfdaşlığın inkişafı məqsədi daşıyır. UFAZ Bakıda, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tədris binasında yerləşəcək. 

Layihədə digər fransız universitetlərinin iştirakı da nəzərdə tutulur. Strasburq Universiteti əhatə olunan sahələrin çərçivəsini genişləndirmə və layihə üçün insan resurslarının toplanması məqsədilə digər fransız ali təhsil müəssisələri ilə əlaqələndirmə sərbəstliyinə malik olacaq. 

Universitet 2016-2017-ci il tədris ilindən 100 tələbə ilə fəaliyyətə başlayacaq. Tələbələrin universitetə 4 ixtisas üzrə - Geologiya və geofizika mühəndisliyi, Neft və qaz mühəndisliyi, Kimya mühəndisliyi texnoloji maşın və avadanlıqlar mühəndisliyi və eləcə də gələcəkdə İnşaat mühəndisliyi ixtisasının da bu sıraya daxil edilməsi nəzərdə tutulur. 

Son xəbərlər

Orphus sistemi