Azərbaycan ali məktəblərindən biri ISO beynəlxalq sertifikatlarına sahib olub

Azərbaycan ali məktəblərindən biri ISO beynəlxalq sertifikatlarına sahib olub "Bu standartlara sahib olmaq gələcəkdə məzunların iş imkanlarını daha da asanlaşdıracaq"
Elm və təhsil
16 Aprel , 2015 10:56
Azərbaycan ali məktəblərindən biri ISO beynəlxalq sertifikatlarına sahib olub

Bakı. 16 aprel. REPORT.AZ/ Bakı Ali Neft Məktəbi (BANM) Türk Standartları İnstitutunun (TSİ) auditorlarının apardığı beynəlxalq standartların tətbiqinə dair qiymətləndirmə tədbirlərinin nəticəsi olaraq ISO-nun üç istiqaməti üzrə - ISO 9001 "Keyfiyyət idarəetmə Sistemi", ISO 14001 "Ekologiya idarəetmə sistemi", OHSAS 18001 "Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemi" beynəlxalq sertifikatlara sahib olub. Bu barədə "Report"a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Sertifikatların təqdimetmə mərasimində SOCAR-ın Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun, Türkiyə Standartları İnstitutunun baş katibinin müavini Coşqun Şəntürk, Azərbaycan Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev, TSİ-nin Azərbaycandakı təmsilçisi Səlim Çələbi, BANM-in rəhbərliyi və professor-müəllim heyəti iştirak ediblər.

BANM-in rektoru Elmar Qasımov deyib ki, Bakı Ali Neft Məktəbinin əsas missiyası milli qanunvericiliyə uyğun olaraq, vətənpərvərlik və dövlətçilik prinsiplərinə əsaslanaraq, dünyada tətbiq olunan beynəlxalq standartların tələbləri səviyyəsində tədris prosesini həyata keçirməkdir. Rektor bu müddət ərzində BANM-in strukturları ilə əməkdaşlığa və keyfiyyətin təminatı işinin səmərəsinin artırılmasına verdikləri töhfəyə görə, TSİ-nin təmsilçilərinə təşəkkürünü bildirib.

SOCAR-ın Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov çıxış edərək, BANM-in kollektivini bu nailiyyət münasibəti ilə təbrik edib. O, Ali Məktəbdə aparılan işləri yüksək qiymətləndirib və görülən işlərin ölkənin beynəlxalq standartlara uyğun savadlı və yüksək ixtisaslı kadrlara olan tələbatını ödəyəcəyinə əminlik ifadə edib.

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun öz çıxışında bu möhtərəm tədbirə dəvət aldığı üçün BANM-in rəhbərliyinə təşəkkürünü bildirib. O, BANM-in fəaliyyətinin beynəlxalq sahədə yüksək səviyyədə olmasını vurğulayaraq, gələcəkdə bu amilin Ali Məktəbi dünyanın ən qabaqcıl universitetlərindən birinə çevirəcəyini qeyd edib.

Türk Standartları İnstitutunun (TSİ) baş katibinin müavini Coşqun Şəntürk Bakıda və BANM-də olmasından məmnunluq bildirib. C.Şəntürk BANM-in qısa müddətdə beynəlxalq standartların tətbiqinə dair uğurlu fəaliyyətini alqışlayıb və təmsil etdiyi qurum tərəfindən BANM-ə beynəlxalq sertifikatların verilməsinə görə fəxr hissi keçirdiyini bildirib.

AzərbaycanTəhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev öz çıxışında əmək bazarının tələblərinə uyğun kadrların hazırlanması istiqamətində BANM-in öncüllərdən biri olduğunu vurğulayıb. O, qeyd edib ki, bu standartlara sahib olmaq gələcəkdə BANM-in məzunlarının iş imkanlarını daha da asanlaşdıracaq.

Türk Standartları İnstitutunun (TSİ) Azərbaycandakı təmsilçisi Səlim Çələbi Bakı Ali Neft Məktəbinin bütün istiqamətlər üzrə fəaliyyətini yüksək qiymətləndirərək, Ali Məktəbdə olan idarəetmə sisteminin, tədris prosesinin təşkilinin müasir tələblərə və standartlara uyğun olduğunu xüsusi olaraq qeyd edib.

Sonda Bakı Ali Neft Məktəbinə beynəlxalq standartların üç istiqaməti üzrə uyğunluq sertifikatlarının təqdimetmə mərasimi baş tutub.

Qeyd edək ki, BANM ilk və yeganə ali təhsil müəssisəsidir ki, İSO-nun üç istiqaməti - ISO 9001 "Keyfiyyət İdarəetmə Sistemi", ISO 14001 "Ekologiya idarəetmə sistemi", OHSAS 18001 "Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemi" üzrə beynəlxalq sertifikatlara sahib olub. Bu sertifikatlar Ali Məktəbin müəllimlərinə, tədqiqatçılarına beynəlxalq layihələrdə iştirak etmək imkanı verəcək. 

Son xəbərlər

Orphus sistemi