ATU Türkiyə universitetləri ilə müqavilə imzalayıb

ATU Türkiyə universitetləri ilə müqavilə imzalayıb Müqavilə 3 ali təhsil ocağı arasında tələbə, rezident, müəllim mübadiləsinin möhkəmləndirilməsini nəzərdə tutur
Elm və təhsil
3 Fevral , 2015 12:18
ATU Türkiyə universitetləri ilə müqavilə imzalayıb

Bakı. 3 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov Türkiyənin üç tanınmış ali təhsil ocağının rəhbərləri - İstanbul Universitetinin rektoru Yunus Söylet, İstanbul Medeniyet Universitetinin rektoru İhsan Karaman və Medipol Universitetinin rektoru Sabahattin Aydınla görüşüb. Bu barədə "Report"a ATU-nun mətbuat xidmətindən məlumat verilib.

Görüşdə akademik Əhliman Əmiraslanov rəhbərlik etdiyi universitetin fəaliyyəti, buradakı mövcud təhsil və tədris prosesi haqqında qonaqlara məlumat verib. Rektor ATU-nun nəzdində yaradılan klinikaların son model texnoloji avadanlıqlarla təchiz edildiyini, burada yüksək ixtisaslı kadrların əhaliyə tibbi xidmət göstərdiyini vurğulayıb. Ə.Əmiraslanov klinikalarda tibbi xidmətlə yanaşı, tədris prosesinin də uğurla aparıldığını söyləyib.

Rektor hazırda ATU-da 1000-dən çox əcnəbi tələbənin təhsil aldığını, onlar arasında Türkiyədən olan tələbələrin üstünlük təşkil etdiyini bildirib.

Türkiyəli professorlar da təmsil etdikləri universitetlər barəsində məlumat veriblər. Qeyd olunub ki, İstanbul Universitetinin 60 mindən çox tələbəsi var. Əsası 1453-cü ildə qoyulan bu ali təhsil müəssisəsinin 20 fakültəsi var. İstanbul Medeniyet Universiteti 11 fakültə, 2 Yüksekokul və 4 institutdan təşkil olunub. Medipol Universitetinin nəzdində isə akademik kadrların da yer aldığı iri xəstəxana fəaliyyət göstərir.

Görüşün sonunda ATU ilə Türkiyə universitetləri - İstanbul Universiteti və Medipol Universitetləri arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqavilə 3 ali təhsil ocağı arasında tələbə, rezident, müəllim mübadiləsi və digər sahələrdə əməkdaşlığın möhkəmləndirilməsini nəzərdə tutur.

Son xəbərlər

Orphus sistemi