"Amerika Şərəf medalı"na layiq görülən azərbaycanlı alim vəfat edib

"Amerika Şərəf medalı"na layiq görülən azərbaycanlı alim vəfat edib Nadir Seyidov 367 elmi işin müəllifidir
Elm və təhsil
5 Oktyabr , 2015 17:23
Amerika Şərəf medalına layiq görülən azərbaycanlı alim vəfat edib

Bakı. 5 oktyabr. REPORT.AZ/ Azərbaycan alimi, yüksək molekulyar birləşmələr və neft kimyası məktəbinin korifeylərindən biri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Nadir Seyidov bu gün 84 yaşında vəfat edib. Bu barədə "Report" akademiyanın rəsmi saytına istinadən xəbər verir.

Nadir Seyidov 1932-ci il aprelin 28-də Naxçıvanda anadan olub. Bakı Dövlət Universitetinin Kimya fakültəsini bitirəndən sonra namizədlik, daha sonra doktorluq dissertasiyası müdafiə edib, ölkədə ən gənc elmlər doktorlarından biri olub. 1989-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilib.

N.Seyidov 367 elmi işin müəllifidir. Bu işlərdən 131-i xaricdə nəşr edilib. Akademik 98 patent və müəlliflik şəhadətnaməsi alıb. O, etilen-propilen və digər olefinlər bazasında sintetik kauçukların, katalizatorların və müxtəlif yağların yaradılması və sənaye üsulu ilə istehsalı sahəsinə sanballı töhfə verib. Onun ixtiraları həm SSRİ-də sənayenin bütöv sahələrinin inkişafına təkan verib, həm də müstəqil Azərbaycanda tətbiq edilib. Sumqayıtdakı "Üzvi sintez", "Sintetik kauçuk" və "Etilen-polietilen" zavodları, habelə Rusiya Federasiyasındakı (məsələn, Nijnekamsk şəhərindəki) bir sıra zavodlar N.Seyidovun rəhbərlik etdiyi elmi kollektivlərin araşdırmaları əsasında işləyirdi.

O, Qarşılıqlı İqtisadi Yardım Şurasının sintetik kauçuklar üzrə işçi qrupunun, SSRİ Neft-Kimya və Neft Məhsulları Nazirliyi yanında kauçuklar üzrə Koordinasiya Şurasının, SSRİ EA yüksək molekulyar birləşmələr üzrə Koordinasiya Şurasının üzvü, AMEA-nın yüksək molekulyar birləşmələr üzrə koordinasiya şurası sədrinin müavini idi. O, nüfuzlu elmi nəşrlərin, o cümlədən "Azərbaycan kimyası", "Neft kimyası və neft məhsulları" jurnallarının, Sumqayıt Dövlət Universitetinin jurnalının redaksiya heyətinin üzvü idi. Onun adı ölkəmizdə məşhur olan elmi müəssisələrin – Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun və Ümumittifaq Elmi-Tədqiqat Olefinlər İnstitutunun tarixinə qızıl hərflərlə yazılıb.

N.Seyidov fəal pedaqoji işlə də məşğul olurdu – Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət Neft Akademiyasının professoru idi. O, 33 elmlər namizədi və 2 elmlər doktoru yetişdirib.

O, "Əməkdar elm xadimi" adına layiq görülüb, "Şərəf" və "Şöhrət" ordenləri ilə, həmçinin "Amerika Şərəf medalı" ilə təltif edilib. Alim elmə verdiyi böyük töhfələrinə görə ona Prezident təqaüdü təyin edilmişdi.

Son xəbərlər

Orphus sistemi