AMEA vulkan püskürən əraziyə komissiya göndərib

AMEA vulkan püskürən əraziyə komissiya göndərib Şöbə müdiri: "Hava şəraitindən asılı olaraq ərazidəki torpaq örtüyü nisbətən quruyan kimi komissiya yenidən əraziyə gedəcək"
Elm və təhsil
2 Fevral , 2016 15:54
AMEA vulkan püskürən əraziyə komissiya göndərib

Bakı. 2 fevral. REPORT.AZ/ "Yanvarın 26-da Hacıqabul ərazisində püskürən "Axtarma Paşalı" deyil, ondan 3-4 kilometr aralıda yerləşən "Axtarma-ardı" vulkanı olub".

Bunu "Report"a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri, professor Adil Əliyev deyib.

O bildirib ki, Hacıqabul rayonu ərazisində yerləşən "Axtarma Paşalı" vulkanı böyük vulkandır və tez-tez püskürür: "Həmin vulkan sonuncu dəfə 2013-cü il aprelin 1-də püskürüb. Yanvar ayının 26-da saat 7:36 və 7:49 radələrində Hacıqabul rayonunun Kəlaməddin yamacında yerləşən "Axtarma-ardı" vulkanı püskürüb. Püskürmə ümumi 6 dəqiqə davam edib, 3 dəqiqə vulkan püskürüb sakitləşib, sonra yenə 3 dəqiqə püskürüb".

Şöbə müdiri "Axtarma-ardı" vulkanında axırıncı püskürmə hadisəsinin 1990-cı il iyun ayının 27-də baş verdiyini bildirib. Onun sözlərinə görə, 25 il öncə baş verən püskürmə güclü olub və 6 saat davam edib: "1990-cı ildə baş verən püskürmə nəticəsində uzunluğu 500 metrə çatan çatlar əmələ gəlmişdi. 25 il yatan vulkanın püskürməsi gözlənilirdi. Yanvarın 26-da baş verən püskürmə zamanı da çatlar əmələ gəlib və həmin çatlar müxtəlif istiqamətdə uzanır".

Professorun sözlərinə görə, vulkan püskürən əraziyə ezam olunan komissiya Bakıya qayıdıb: "Ərazidə qar, yağış yağdığı və ətraf palçıq olduğuna görə tədqiqat üçün nümunələr götürmək, planlama işi aparmaq, süxur nümunələri götürmək mümkün olmayıb. Sadəcə ərazinin şəkilləri çəkilib, kənardan müşahidə olunub və hadisə şahidlərindən məlumatlar toplanılıb. Hava şəraitindən asılı olaraq ərazidəki torpaq örtüyü nisbətən quruyan kimi komissiya yenidən əraziyə gedəcək".

Vulkan püskürməsinə seysmik dalğaların da təsir etdiyini deyən mütəxəssisin sözlərinə görə, belə hadisələr adətən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları ilə birgə araşdırılır: "Axtarma-ardı" vulkanının yenidən püskürməsi gözlənilmir. Vulkan püskürəndə öz enerjisini itirir və həmin enerjinin bərpa olunması üçün illər lazımdır".

A.Əliyev bildirib ki, vulkanın püskürməsi müsbət haldır: "Çünki bunun nəticəsində yerin təkində gedən proseslər, xüsusilə yerin təkindəki neft-qaz yığımlarının varlığı barədə məlumat əldə edirik".

Şöbə müdiri qeyd edib ki, 2015-ci ildə Azərbaycan ərazisində vulkanların fəaliyyəti zəif olub.

Son xəbərlər

Orphus sistemi