​AMEA-nın tərkibində yeni bölmələr yaradılıb

​AMEA-nın tərkibində yeni bölmələr yaradılıb Akademik Teymur Kərimli Humanitar Elmlər Bölməsinin akademik-katibi vəzifəsini icra edən təyin edilib
Elm və təhsil
15 Aprel , 2015 16:59
​AMEA-nın tərkibində yeni bölmələr yaradılıb

Bakı. 15 aprel. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) tərkibində Humanitar Elmlər Bölməsi (HEB) və İctimai Elmlər Bölməsi (İEB) yaradılıb. Bu barədə "Report"a AMEA-dan məlumat verilib.

Akademiyanın Nizamnaməsinin tələblərindən irəli gələn məsələlərin həlli, həmçinin HEB-in fəaliyyətinin təşkil edilməsi məqsədilə AMEA Rəyasət Heyətinin qərarına əsasən, Nizami adına Ədəbiyyat İnstitutu, Nəsimi adına Dilçilik İnstitutu, Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu, Memarlıq və İncəsənət İnstitutu, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Folklor İnstitutu, Nizami Gəncəvi adına Milli Аzərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavidin Ev Muzeyi HEB-in tərkibinə daxil edilib, bölmənin tərkibi müəyyənləşdirilib.

AMEA Rəyasət Heyəti həmçinin İEB-in fəaliyyətinin təşkili məqsədilə bir sıra elmi tədqiqat müəssisələrinin bu bölmənin tərkibinə daxil edilməsi haqqında qərar qəbul edib. Buraya A.Bakıxanov adına Tarix İnstitutu, Arxeologiya və Etnoqrafiya İnstitutu, Fəlsəfə və Hüquq İnstitutu, İqtisadiyyat İnstitutu, İnsan Hüquqları üzrə Elmi Tədqiqat İnstitutu, Dünya Siyasəti İnstitutu, Elm Tarixi İnstitutu, Qafqazşünaslıq İnstitutu və Milli Аzərbaycan Tarixi Muzeyi daxildir. Rəyasət Heyətinin iclasında İEB-in üzvləri də müəyyənləşdirilib.

Hər iki bölmənin fəaliyyətinin təşkili ilə bağlı AMEA-nın Ümumi Yığıncağı qarşısında vəsatət qaldırılmasını təmin etmək Humanitar və İctimai Emlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimliyə tapşırılıb. Qərarların icrasına nəzarət AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyliyə həvalə olunub.

AMEA Rəyasət Heyətinin digər qərarları ilə akademik Teymur Kərimli Humanitar Elmlər Bölməsinin, AMEA-nın müxbir üzvü Nərgiz Axundova isə İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifələrini icra edən təyin ediliblər.

Son xəbərlər

Orphus sistemi