AMEA-nın Tarix İnstitutunda yeni şöbə yaradılıb

AMEA-nın Tarix İnstitutunda yeni şöbə yaradılıb İnstitutda Vikipediya işinin nizama salınması haqqında qərar verilib
Elm və təhsil
24 Oktyabr , 2016 03:25
AMEA-nın Tarix İnstitutunda yeni şöbə yaradılıb

Bakı. 23 oktyabr. REPORT.AZ/ AMEA-nın Tarix İnstitutunun tərkibində Beynəlxalq əlaqələr şöbəsi yaradılıb.

"Report" xəbər verir ki, Elmi Şuranın qərarı ilə institutun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsinin aparıcı elmi işçisi Nərgiz Axundova yeni yaradılan şöbəyə müdir təyin olunub.

Elmi Şuranın iclasında çıxış edən Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov noyabrın 10-11-də Mədəniyyət və Turizm Nazirliyi və İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırmalar Mərkəzinin (İRSİKA) birgə təşkilatçılığı ilə “Dağlıq Qarabağın mədəni və memarlıq irsinin qorunması” mövzusunda keçiriləcək elmi konfrans haqqında şura üzvlərinə ətraflı məlumat verib. İclasda tarixçi-alimlərin edəcəyi məruzələr ətrafında müzakirələr aparılıb və konfransda ediləcək məruzələrin mövzuları konkretləşdirilib.

İclasda institutun rəsmi “tarix.gov.az” portalının yenilənməsi, Vikipediya işinin nizama salınması haqqında qərar verilib.

Y.Mahmudov bildirib ki, institutun portalı AMEA-nın institutları arasında ilk və əhatəli saytdır, amma portalda yenilənmələr aparılmalıdır, bununla bağlı o, tapşırıqlarını verib. O, həmçinin qeyd edib ki, “Tarix İnstitutunun son nəşrlərinin pdf versiyası kütləvi istifadə üçün portalımızda yerləşdirilməlidir”.

İnstitutun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsinin elmi işçisi Lamiyə Qafarzadəyə isə vikipediyada Azərbaycan tarixi ilə bağlı materialların izlənilməsi, tariximizə və tarixi şəxsiyyətlərimizə qarşı təxribatlara operativ cavab yazılması işi həvalə olunub.

Elmi Şuranın iclasından sonra Tarix İnstitutunun II Azərbaycan Elm Festivalında iştirakı üzrə təşkilat komitəsinin geniş iclası keçirilib.

Son xəbərlər

Orphus sistemi