​AMEA-nın müxbir üzvü vəfat edib

​AMEA-nın müxbir üzvü vəfat edib Ağasəlim Ələsgərovun respublikada yüksəkixtisaslı kadrların hazırlanmasında əvəzsiz xidmətləri olub
Elm və təhsil
2 Aprel , 2015 14:58
​AMEA-nın müxbir üzvü vəfat edib

Bakı. 2 aprel. REPORT.AZ/ İqtisadçı alim, İqtisadiyyat İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, professor Ağasəlim Ələsgərov 87 yaşında vəfat edib. Bu barədə "Report"a AMEA-dan məlumat verilib.

Ağasəlim Ələsgərov 1928-ci il may ayının 22-də Bakı şəhərində anadan olub. 1946-50-ci illərdə K.Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Dövlət İqtisad Universitetində) təhsil alıb. 1950-53-cü illərdə Bakı şəhəri Xalq Deputatları Sovetinin Plan Komissiyasında iqtisadçı vəzifəsindən baş iqtisadçı, mənzil-kommunal, əsaslı tikinti şöbələrinin müdiri və Bakı şəhəri uçot-inventarizasiya idarəsinin rəhbəri vəzifələrinə yüksəlib.

1953-54-cü illərdə təhsilini M.V.Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirib. 1954-55-ci illərdə Bakı Şəhər Soveti İcraiyyə Komitəsində çalışıb, eyni zamanda M.Ə.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun Siyasi İqtisad kafedrasında müəllimlik etməyə başlayıb.

1958-ci ildə ilk dəfə SSRİ-də "Pambığın maya dəyəri və onun aşağı salınması yolları" mövzusunda namizədlik, 1968-ci ildə "Kənd təsərrüfatının ixtisaslaşması və onun iqtisadi effektliyi" mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib, 1969-cu ildə professor adına layiq görülüb.

1974-1978-ci illərdə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunda elmi işlər üzrə prorektor və “Siyasi iqtisad” kafedrasının müdiri, 1989-1998-ci illərdə AMEA İqtisadiyyat İnstitutunun direktoru vəzifələrində çalışıb. 1989-cu ildə AMEA-nın müxbir üzvü seçilib.

A.Ələsgərovun respublikada yüksəkixtisaslı kadrların hazırlanmasında əvəzsiz xidmətləri olub. A.Ələsgərovun elmi rəhbərliyi və opponentliyi ilə 78 nəfər elmlər doktoru və elmlər namizədi hazırlayıb. İqtisadiyyatın müxtəlif sahələrində-iqtisadi nəzəriyyə, makro-iqtisadi siyasət, maya dəyəri, əmək məhsuldarlığı, təsərrüfat hesabı və digər istiqamətlərə aid 221 elmi əsərin müəllifidir. A.Ələsgərov məhsuldar elmi fəaliyyətinə görə 1982-ci ildə “Əməkdar mədəniyyət işçisi”, 1986-cı ildə “Əmək veteranı” medalı, 2014-cü ildə isə Rusiya EA-nın xüsusi medalı ilə təltif edilib.

Son xəbərlər

Orphus sistemi