AMEA-nın 450-yə yaxın alimi haqqında "Akademiya simalarda" adlı kitab çap olunub

AMEA-nın 450-yə yaxın alimi haqqında "Akademiya simalarda" adlı kitab çap olunub Kitab Akademiyanın 70 illik yubileyi ərəfəsində işıq üzü görüb
Elm və təhsil
29 Oktyabr , 2015 16:18
AMEA-nın 450-yə yaxın alimi haqqında Akademiya simalarda adlı kitab çap olunub

Bakı. 29 oktyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) yarandığı vaxtdan bu günə qədər həqiqi, müxbir və fəxri üzvləri olan alimlərin geniş elmi tərcümeyi-halını əks etdirən "Akademiya simalarda" adlı kitab çapdan çıxıb. Bu barədə "Report"a Akademiyadan məlumat verilib. 

AMEA-nın 70 illik yubileyi ərəfəsində işıq üzü görən və geniş oxucu auditoriyasının diqqətini cəlb edəcək bu kitab elmi ictimaiyyətə böyük töhfə kimi olduqca əhəmiyyətlidir.

AMEA-nın prezidenti, akademik Akif Əlizadənin kitaba yazdığı ön sözdə deyilir: "Bu kitabın hər səhifəsindən həyatını və ömrünü elmi yaradıcılığa sərf edən görkəmli bir alimin nurlu siması canlanmaqdadır. Onlar qədim və zəngin elmi irsimizin möhkəm bünövrəsi üzərində ucalan elm məbədinin - Akademiyanın yaradılmasında və inkişafında əvəzsiz xidmətləri olmuş böyük alimlərdir. Bu alimlər həyat və fəaliyyətləri ilə gənc nəslə ən parlaq nümunə olmaqla bərabər, xalqımızın yaddaşında silinməz izlər buraxmış şəxsiyyətlərdir. İllər ötəcək, hər biri böyük bir xalq üçün örnək ola bilən bu alimlərin parlaq obrazı insanların yaddaşından silinməyəcək, xalqımızın qürur mənbəyi olaraq qalacaq".

Kitabda 450-yə yaxın alimin hər biri haqqında bir səhifəlik tərcümeyi-hal fotoları ilə birgə oxucu auditoriyasına təqdim olunur.

AMEA-nın Rəyasət Heyətinin qərarı ilə nəşr edilən və Akademiyanın "Elm" nəşriyyatı tərəfindən nəfis şəkildə çap olunan kitab oxuculara Azərbaycan dilində təqdim edilir. 1 000 nüsxə tirajla çap olunması nəzərdə tutulan kitabın 500 nüsxəsi artıq işıq üzü görüb.

Son xəbərlər

Orphus sistemi