​AMEA Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri vəfat edib

​AMEA Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri vəfat edib Azərbaycan memarlığı tarixinin XIX-XX əsr dövrlərinin tədqiqi məhz onun adı ilə bağlıdır
Elm və təhsil
10 Mart , 2015 16:22
​AMEA Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri vəfat edib

Bakı. 10 mart. REPORT.AZ/ Azərbaycan dövlət mükafatı laureatı, əməkdar memar, “Şöhrət” ordenli, AMEA Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, Azərbaycan Memarlar İttifaqının üzvü, akademik Şamil Fətullayev-Fiqarov martın 9-da vəfat edib. Bu barədə "Report"a AMEA-dan məlumat verilib.

Xatırladaq ki, Akademik Şamil Fətullayev-Fiqarov 1928-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1953-cü ildə Azərbaycan Politexnik İnstitutunun Memarlıq-inşaat fakültəsini bitirib, 1956-cı ildə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun aspirantı olub. 1963-cü ildə namizədlik, 1980-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib, 1990-cı ildə professor elmi adını alıb.

Akademik 1986-cı ildə Azərbaycan SSRİ-nin "Şərəf nişanı" ordeni, 2000-ci ildə ümummilli lider Heydər Əliyevin Fərmanı ilə “Şöhrət” ordeni ilə təltif olunub. Həmçinin 2008-ci ildə Polşanın qızıl medalına layiq görülüb.

Azərbaycan memarlığı tarixinin XIX-XX əsr dövrlərinin tədqiqi məhz onun adı ilə bağlıdır. Azərbaycan memarlığı və şəhərsalması tarixi üzrə böyük elmi biliyə malik olan Ş.Fətullayevin yaradıcılığı elmi məktəb olub. Bu məktəbin bazasında Zivərbəy Əhmədbəyov, Qasımbəy Hacıbababəyov, Kərbəlayi Səfixan Qarabağı, Məşədi Mirzə Qafar İzmaylov və s. kimi tanınmış memarlarımızın həyat və yaradıcılığı gənc alimlərimizin tətqiqat obyektinə çevrilib.

Azərbaycan milli memarlıq tarixinin dünya miqyasında təbliği istiqamətində də Ş.Fətullayevin xüsusi xidmətləri olub. O, müxtəlif ölkələrdə keçirilmiş beynəlxalq konfranslarda uğurla çıxış edərək Azərbaycan memarlığını layiqincə təbliğ edib.

Alimin rəhbərliyi altında 15 elmlər namizədi, 4 elmlər doktoru yetişdirilib.

Şamil Fətullayev-Fiqarov 150-dən artıq elmi əsərin müəllifidir. Onlardan "XIX-XX əsrin əvvəlləri Bakının şəhərsalma memarlığı", "XIX-XX əsrin əvvəlləri Azərbaycanın şəhərsalma və memarlığı", "Azərbaycan məscidləri", "İran şəhərləri Qacarlar dövründə", "Bakının Memarlıq ensiklopediyası", "Abşeron memarlığı", "Memar-Məşədi Mirzə Qafar İzmaylov" və s. monoqrafiyalar Azərbaycan memarlıq tarixi üçün dəyərli mənbədir.

Son xəbərlər

Orphus sistemi