AMEA Memarlıq və İncəsənət İnstitutunun 70 illik yubileyinə həsr edilmiş tədbir keçirilib

AMEA Memarlıq və İncəsənət İnstitutunun 70 illik yubileyinə həsr edilmiş tədbir keçirilib Konfransda Rusiya, Qazaxıstan, Ukrayna, Özbəkistandan mütəxəssislər iştirak ediblər
Elm və təhsil
6 Mart , 2015 18:39
AMEA Memarlıq və İncəsənət İnstitutunun 70 illik yubileyinə həsr edilmiş tədbir keçirilib

Bakı. 6 mart. REPORT.AZ/ Bu gün AMEA-nın əsas binasının konfrans zalında Memarlıq və İncəsənət İnstitutunun 70 illik yubileyinə həsr edilmiş "Azərbaycan və MDB ölkələri sənətşünaslığının aktual problemləri" mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Bu barədə "Report"a İnstitutdan məlumat verilib.

Konfransda Rusiya, Qazaxıstan, Ukrayna, Özbəkistan və digər ölkələrdən olan alim və mütəxəssislər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan İnstitutun direktoru Ə.Salamzadə qeyd edib ki, 1945-ci ildə İnstitut yaradılarkən onun ilk direktoru Azərbaycanın böyük bəstəkarı, ictimai xadim Üzeyir Hacıbəyli olub: "Bu gün Memarlıq və İncəsənət İnstitutu öz inkişafının yeni mərhələsinə qədəm qoyur. Vaxtilə Üzeyir bəyin başçılığı ilə fəaliyyətə başlayan bu elm məbədi AMEA-nın 70 illik yubileyi ərəfəsində həm də özünün 70 illiyini qeyd etməyə hazırlaşır”.

Sonra professorlar Fərəh Əliyeva, Ramiz Əbdülrəhimov və başqaları çıxış edərək əlamətdar gün münasibətilə Memarlıq və İncəsənət İnstitutunun əməkdaşlarını təbrik ediblər, onlara yeni uğurlar arzulayıblar.

Bundan sonra konfrans öz işini bölmələr üzrə davam etdirib. Bölmələrdə “Azərbaycan incəsənətinin öyrənilməsi: tarix və müasirlik”, “Vatikan arxivlərində ilk dəfə təsvir etdiyimiz türkdilli əlyazmalar”, “Özbəkistan ənənəvi incəsənətində Tenqrinin işarə və rəmzləri”, “Qədim dövr və erkən köçərilər dövrü Qazaxıstan incəsənət tarixinin yaradılmasının nəzəri aspektləri”, “Səhnəqrafiya yaradıcılığı məntiq prizmasından”, “İnformasiya cəmiyyətində sənətşünaslığın aktual problemləri”, “Azərbaycan bəstəkarlarının operalarının miks janr mənşəyi haqqında” və s. mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi