Bakı. 15 oktyabr. REPORT.AZ/ Azərbaycan
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan, tibbi təhsildə isə həkim və həkim-mütəxəssis) Azərbaycan vətəndaşları müsabiqə yolu ilə qəbul olunurlar.
Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağı bacaran və fəlsəfə doktoru (elmlər namizədi) elmi (alimlik dərəcəsi olan ) Azərbaycan vətəndaşları qəbul edilir.
Əlavə məlumat almaq üçün Akademiyanın Elm və Təhsil İdarəsinə müraciət etmək olar.
Xatırladaq ki, AMEA-nın fəlsəfə doktoru proqramı üzrə doktoranturaya yalnız əyani olmaqla 93 plan yeri verilib. Bu il üçün akademiyada fəlsəfə doktoru proqramı üzrə qiyabi təhsil forması olmayacaq. Fəlsəfə doktorluğu proqramı üzrə dissertanturaya isə 136 plan yeri təsdiqlənib.
Elmlər doktoru proqramı üzrə doktoranturaya cəmi 41 plan yeri təsdiq olunub. Həmin yerlərdən 2-si əyani, 39-u isə qiyabidir. Elmlər doktoru üzrə dissertanturaya isə 76 plan yeri təsdiq edilib.