Bakı. 31 mart. REPORT.AZ/ Azərbaycan Dillər Universitetində (ADU) 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş dəyirmi masa keçirilib.
ADU-dan "Report"a verilən məlumata görə, ilk öncə soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə pedaqoji fakültənin dekanı Vəfa Babayeva daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğından danışaraq bu hadisə haqqında geniş məlumat verib. O, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran və digər ərazilərdə qırğınlar törədildiyini, çoxlu sayda insanların qətlə yetirildiyini və itkin düşdüyünü deyib.
Daha sonra Kitabxana İnformasiya Mərkəzinin bölmə müdiri Güllüzar Məmmədova, Müasir Fransız dili kafedrasının baş müəllimi Kəmalə Kərimova və fakültənin dekan müavini Aytəkin İsmayılova çıxış edərək millətin başına gətirilmiş qırğınla bağlı fikirlərini söyləyiblər. Bu hadisələrin daim yaddaşlarda qalmalı, gələcək nəsillərə ötürülməli, qisas almaq və torpaqların bütövlüyünün bərpası naminə mübarizə aparılmalı olduğu bildirilib.
Dəyirmi masa müzakirələrlə davam etdirilib.