ADPU-nun Qazax filialı BDU-ya, Zaqatala filialı UNEC-ə verilib

ADPU-nun Qazax filialı BDU-ya, Zaqatala filialı UNEC-ə verilib Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
Elm və təhsil
29 Aprel , 2016 17:40
ADPU-nun Qazax filialı BDU-ya, Zaqatala filialı UNEC-ə verilib

Bakı. 29 aprel. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax və Zaqatala filialları barədə sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sənəd regionların sosial-iqtisadi inkişafı üçün yüksək ixtisaslı kadrlara tələbatı təmin etmək, bölgələrdə yaşayan gənclərin seçdikləri ixtisaslar üzrə keyfiyyətli ali təhsilə çıxış imkanlarını genişləndirmək, eləcə də ali təhsil müəssisələrinin mövcud maddi-texniki və kadr potensialından istifadənin səmərəliliyini artırmaq məqsədilə imzalanıb.

Sərəncamla 2016-cı il iyul ayının 1-dən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax filialı Bakı Dövlət Universitetinin Qazax filialı, Zaqatala filialı isə Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı hesab edilib.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını bir ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Təhsil Nazirliyi Bakı Dövlət Universitetinin Qazax filialında və Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında 2016-2017-ci tədris ilindən kadr hazırlığı aparılacaq ixtisasların siyahısını müəyyənləşdirməli və tədris prosesinin təşkili üçün zəruri tədbirlərin görülməsini təmin etməlidir.

Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsinə Bakı Dövlət Universitetinin Qazax filialına və Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialına 2016-2017-ci tədris ili üçün qəbul imtahanlarının keçirilməsini təmin etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi