Mikayıl Cabbarov: "Dövlət Neft və Sənaye Universitetinin yeni inkişaf strategiyası hazırlanacaq"

Mikayıl Cabbarov: "Dövlət Neft və Sənaye Universitetinin yeni inkişaf strategiyası hazırlanacaq" Təhsil naziri Mustafa Babanlını ADNSU-nun kollektivinə təqdim edib
Elm və təhsil
4 Sentyabr , 2015 16:07
Mikayıl Cabbarov: Dövlət Neft və Sənaye Universitetinin yeni inkişaf strategiyası hazırlanacaq

Bakı. 4 sentyabr. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru vəzifəsinə təyin olunan Mustafa Babanlını kollektivə təqdim edib. Bu barədə "Report"a Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, təhsil naziri M.Babanlının ADNSU-nun rektoru təyin olunması ilə bağlı Azərbaycan Prezidentinin müvafiq sərəncamını diqqətə çatdırıb və yeni rektora gələcək fəaliyyətində uğurlar arzulayıb.

Təhsil naziri bildirib ki, ADNSU Azərbaycan elm və təhsilinin pioneri, eyni zamanda neft sənayesi sahəsində innovasiyaların əsas mərkəzidir. O, ADNSU-nun həyatında yeni çağırışlara uyğun fəaliyyət sferasının açıldığını və bunun üçün həm institutsional təcrübədən, həm də gənc mütəxəssislərin imkanlarından istifadənin vacibliyini qeyd edib: "Bu sahədə Təhsil Nazirliyinin yaxından köməyi ilə ADNSU-nun yeni inkişaf strategiyası hazırlanacaq və ali təhsil sahəsində beynəlxalq təcrübədən istifadə olunacaq. Bütün bu və ya digər işlərdə ali məktəbə yeni təyin olunmuş rəhbərliyin üzərinə ciddi öhdəliklər düşür".

ADNSU-nun rektoru Mustafa Babanlı ona göstərilən etimada görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib və üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirmək üçün var gücü ilə çalışacağını söyləyib. O, ali məktəbin kollektivi ilə bərabər ADNSU-nun yeni hədəflərinin gerçəkləşdirilməsi üçün bütün mövcud imkanları səfərbər edəcəklərini bildirib.

Qeyd edək ki, sentyabrın 3-də Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə Azərbaycan Dövlət Neft Akademiyası Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılıb.

Ölkə Prezidentinin digər sərəncamı ilə Mustafa Babanlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru vəzifəsinə təyin olunub.

Son xəbərlər

Orphus sistemi