Rektor: “ADNSU-nun yeni tikiləcək tələbə yataqxanasında VİP otaqlar olacaq”

Rektor: “ADNSU-nun yeni tikiləcək tələbə yataqxanasında VİP otaqlar olacaq” Mustafa Babanlı: “Yataqxananın 2018-ci ilin sentyabr ayında istifadəyə verilməsi nəzərdə tutulub”
Elm və təhsil
7 Oktyabr , 2016 15:04
Rektor: “ADNSU-nun yeni tikiləcək tələbə yataqxanasında VİP otaqlar olacaq”

Bakı. 7 oktyabr. REPORT.AZ/ “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) balansında olan ərazilərdə tikiləcək 1000 nəfərlik tələbə yataqxanasının 2018-ci ilin sentyabr ayında istifadəyə verilməsi nəzərdə tutulub”.

“Report”un xəbərinə görə, bunu ali təhsil müəssisəsinin rektoru Mustafa Babanlı jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, yeni yataqxana ADNSU-nun Nəsimi rayonu ərazisində yerləşən köhnə və sökülmüş yataqxanalarının yerində tikiləcək: “Universitetimizin 7 yataqxanası olub. Onlardan 6-sı sökülüb və hazırda yalnız biri qalıb. Hansı ki, həmin yataqxana 900 nəfərlik tutuma malikdir. Lakin bina köhnə olduğundan istifadəyə elə də yararlı deyil. Buna baxmayaraq müəyyən hissəsini təmir edib yenə də istismarını təmin edə bilirik. Bütün bunları nəzərə alıb onun yaxınlığında ən müasir və modern yataqxana tikiləcək. Hazırda yerin quruluş hissələrində təmizləmə işləri aparılır”.

Rektor deyib ki, Təhsil Nazirliyinin ümumi rəhbərliyi ilə görüləcək işlərin maliyyə və ideya dəstəyi məhz Heydər Əliyev Fonduna məxsusdur: “Yataqxananın böyük hissəsi ADNSU tələbələrinə veriləcək. Belə desək, yataqxananın 60 faizi ADNSU-ya, 30 faizi digər ali məktəblərə, 10 faizi isə imtiyazlı və imkansız tələbələrə veriləcək. İmkansız tələbələrə yerlərin bölüşdürülməsi işini Heydər Əliyev Fondu həyata keçirəcək”.

M.Babanlı vurğulayıb ki, indiki dövrdə əksər tələbələr tək yaşamağa üstünlük verir: "Yeni tikiləcək yataqxanada VİP otaqlar olacaq. Yüksək təbəqinin övladlarının bu gün məhz ADNSU-nu seçdiyini etiraf edək. Çünki universitetimiz əcnəbilər üçün də böyük maraq doğurur. Yerli və xarici tələbələrin burada birgə yaşamasını təmin edəcəyik. Təbii ki, heç bir ölkədə yataqxanalar pulsuz olmur. Ona görə də burada məsrəfləri qarşılaya biləcək azərbaycanlı tələbələr olacaq. İmkansız ailədən olan tələbələrə isə digər yataqxanamızda olan yerləri də təklif edəcəyik. İndiki yataqxanamız təxminən 320 nəfərlikdir. Üç nəfərin qaldığı otaqlarda aylıq ödəniş 35 manat, iki nəfərlikdə isə 50 manatdır”. 

Son xəbərlər

Orphus sistemi