İqtisad Universitetinin tələbələri Kolumbiya Universitetində təhsil alacaqlar

İqtisad Universitetinin tələbələri Kolumbiya Universitetində təhsil alacaqlar Kolumbiya Universiteti tələbələrin ABŞ vizası almasına və yerləşmə məsələlərinə kömək göstərəcək
Elm və təhsil
10 Fevral , 2015 09:34
İqtisad Universitetinin tələbələri Kolumbiya Universitetində təhsil alacaqlar

Bakı. 10 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) ilə Kolumbiya Universiteti (Columbia University) arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Bu barədə "Report"a ADİU-nun Marketinq və Kommunikasıya Departamentindən məlumat verilib.

Müqaviləyə əsasən, ADİU tələbələri dünyanın ən nüfuzlu universitetləri sırasında yer alan Kolumbiya Universitetində bir semestr ərzində təhsil almaq, həmçinin 6 həftəlik yay məktəblərində iştirak etmək imkanı əldə edəcəklər.

ADİU tələbələrindən hər semestr maksimum 25 tələbə bu imkandan yararlana bilər. Kolumbiya Universitetində təhsil alacaq tələbələrin yüksək təhsil göstəriciləri 71 baldan yuxarı, ingilis dili biliyi isə (minimum TOEFL 100 IBT və ya 7.0 IELTS) yüksək səviyyədə olmalıdır.

Kolumbiya Universitetinin məsləhətçiləri tələbələrə fənn seçimində yardım edəcəklər. Tələbələr semestr fənnlərindən 4, yay məktəbində isə hər fənnə görə 2 kredit qazanacaqlar. Kreditlər ADİU tərəfindən tanınacaq və tələbələrin qiymət cədvəlində göstəriləcək.

ADİU tələbələri Kolumbiya Universitetinin tələbələri üçün nəzərdə tutulan bütün imkanlardan bərabər hüquqlu istifadə edəcəklər. Kolumbiya Universiteti tələbələrin ABŞ vizası almasına və yerləşmə məsələlərinə kömək göstərəcək.

Müqaviləyə əsasən, ADİU tələbələrinə təhsil haqqında xüsusi güzəşt tətbiq olunacaq.

Son xəbərlər

Orphus sistemi