Bakı. 17 noyabr. REPORT.AZ/ "ADA" Universitetinin İxtisasartırma Proqramları 19-27 noyabr tarixlərində xarici diplomatlar üçün təlim kursu keçirəcək.
"Report" xəbər verir ki, bu barədə "ADA" mətbuat xidmətindən məlumat verilib.
Məlumata əsasən, keçiriləcək kursun məqsədi xarici diplomatlar və dövlət qulluqçularına Xəzər dənizi hövzəsi regionu haqqında daha müfəssəl məlumat verməkdir.
Təlim kursunun açılışında "ADA" Universitetinin rektoru Hafiz Paşayev iştirak edəcək. Kursun iştirakçıları arasında Əfqanıstan, Argentina, Banqladeş, Bolqarıstan, Çin, Kolumbiya, və digər ölkələrin Xarici İşlər Nazirliyində çalışan yüksək və orta çinli 16 diplomat var.
Kursun təlimçiləri "ADA" Universitetinin professor və tədqiqatçıları, o cümlədən Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Azərbaycan Dövlət Neft Fondu, ölkədə akkreditə olunmuş səfirliklərin nümayəndələri və parlament üzvləri olacaq.