700 bal toplayan abituriyent: "Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisası üzrə təhsil almaq niyyətindəyəm"

700 bal toplayan abituriyent: "Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisası üzrə təhsil almaq niyyətindəyəm" Nadir Sultanlı: "Qızıl medalla bağlı namizədliyimi verməyi düşünürəm, ama hələ də tam dəqiq bilmirəm”
Elm və təhsil
18 İyul , 2016 12:52
700 bal toplayan abituriyent: Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisası üzrə təhsil almaq niyyətindəyəm

Bakı. 18 iyul. REPORT.AZ/ "Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisası üzrə təhsil almaq niyyətindəyəm".

Bunu “Report”a I ixtisas qrupu üzrə ən maksimal 700 bal toplayan abituriyent Nadir Sultanlı imtahanla bağlı təəssüratlarını bölüşərkən deyib.

Onun sözlərinə görə, qəbul imtahanında 700 bal toplayacağına inamı olub: "İmtahandan bir-iki gün əvvəl həyəcan az da olsa var idi. Lakin imtahan günü çox rahat idim, heç bir həyəcan qalmamışdı. Qəbul imtahanlarındakı test suallarının heç biri çətin deyildi. Hazırlıq vaxtı hər gün verilən tapşırıqlara çox ciddi hazırlaşırdım. Bəzi artıq vərdişləri bir kənara qoyub yalnız oxumağa aludə olmuşdum. Fərdi müəllim yanında hazırlaşmamışam. Özəl kursda hazırlıq keçmişəm”.

N.Sultanlı imtahandan çıxandan sonra yüksək bal topladığını təxmin ediyini söyləyib: “Düzdür, yenə də hər şey ola bilərdi. Yəni cavabları səhv də köçürə bilərdim. Ona görə də imtahanın normal keçdiyini dedim. 700 bal topladığıma tam əmin olduqdan sonra ailəliklə çox sevindik. Fikrimdə bir neçə universitet var. Lakin əsasən Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisası üzrə təhsil almaq niyyətindəyəm. Qızıl medalla bağlı namizədliyimi verməyi düşünürəm, ama hələ də tam dəqiq bilmirəm”.

Abituriyentin anası Şəhla Sultanlı da “Report”a açıqlamasında övladının uşaqlıqdan qeyri-adi istedada malik olduğunu bildirib: “Nadir iki yaşında 15-ə yaxın şeir bilirdi. Həm də tam səlist danışa bilirdi. Onun üzərində nənəsinin də xüsusi rolu var. Hər zaman yaxşı oxuyub, bütün qiymətləri “5” olub. 9-cu sinifdən onu hazırlığa qoyduq. Sonuncu sınaq imtahanlarında 680-690 bal toplayırdı. İnanırdıq ki, qəbul imtahanında da yüksək nəticə əldə edəcək”.

Qeyd edək ki, iyunun 15-də keçirilən imtahanda I ixtisas qrupu üzrə 3 oğlan abituriyent (Xırdalan şəhər 5 saylı orta məktəb, “Ankara Məktəbi” məktəb-liseyi, BDU-nun nəzdindəki Bakı Türk liseyinin məzunları), IV ixtisas qrupu üzrə isə 2 oğlan, 1 qız olmaqla ümumilikdə 3 abituriyent (İsmayıllı rayonu 5 saylı şəhər orta məktəb, Şəmkir rayonu Çinarlı qəsəbə 2 saylı orta məktəb, Qazax rayonu Canallı kənd orta məktəbin məzunları) ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.

Son xəbərlər

Orphus sistemi