Şöbə müdiri: "Azərbaycanda zərərli maddələrin torpağa təsiri araşdırılmır"

Şöbə müdiri: "Azərbaycanda zərərli maddələrin torpağa təsiri araşdırılmır" "Çirkli havada, zəhərli maddələrlə zəngin torpaqda yetişdirilən məhsullar insan sağlamlığına mənfi təsir göstərir"
Ekologiya
6 Yanvar , 2016 16:27
Şöbə müdiri: Azərbaycanda zərərli maddələrin torpağa təsiri araşdırılmır

Bakı. 6 yanvar. REPORT.AZ/ "Ekoloji təmiz" kənd təsərrüfatı məhsulları əldə etmək üçün torpaqlarda əkin işləri aparılmamışdan əvvəl monitorinqlər keçirilməli, torpaq, su, havanın təmizliyi yoxlanılmalıdır".

Bunu "Report"a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, kənd təsərrüfatı elmləri namizədi Ənvər Əliyev deyib.

Ə.Əliyev bildirib ki, çirkli havada, müxtəlif kimyəvi maddələr, ağır elementlər, zəhərli maddələrlə zəngin olan torpaqda yetişdirilən qida məhsulları insan sağlamlığına mənfi təsir göstərir. Onun sözlərinə görə, bu cür torpaqda inkişaf edən ot vasitəsilə qidalanan mal-qaranın südü də insan orqanizmi üçün zərərli ola bilir.

Sovet dövründə Azərbaycanın hər hektar sahəyə düşən pestisidlərin miqdarına görə birinci yerdə olduğunu xatırladan Ə.Əliyev deyib ki, torpaqlarda davamlı monitorinqlərin aparılması vacib şərtdir: "Torpaqlarda zərərli maddələri yoxlamaq üçün Azərbaycanın intensiv kənd təsərrüfatı zonalarında daimi monitorinqlər keçirilməlidir. Məsələn, biz Quba-Xaçmaz zonasında nəqliyyatın biosferə təsir xüsusiyyətlərini, ərazidən keçən maşınların sayı, onların havaya buraxdığı qaz, həmin qazın tərəvəz məhsullarına təsir xüsusiyyətlərini öyrənmişik".

O vurğulayıb ki, monitorinqlər vasitəsilə torpaqda olan maddələrin yol verilən həddə qədər olduğu müəyyənləşdirilməlidir: "Əkilən torpaqlarda monitorinq, torpağın tərkibinin zərərli maddələrlə nə qədər çirklənməsi ilə bağlı araşdırma aparılmır. Torpağa zərərli maddələrin daxil olma mənbəyi araşdırılmır. Azərbaycanda avtomobillərin sayı kifayət qədər çoxdur. Benzin yanarkən yaranan ağır elementlər külək və su vasitəsilə əkin sahələrinə də təsir edir. Bitkinin üzərinə hopur və biz yedikdə orqanizmə daxil olur. Yaxud da otların üzərinə hopur, heyvanlar qidalanır və onların südünə daxil olur. Ayrı-ayrı təşkilatlar monitorinq apara bilər, amma hər bir elmi dairə, bu sahədə işləyən, torpaqla məşğul olan qurumlar yüksək standartlı cihazlar vasitəsilə monitorinq aparıb ölkənin geokimyəvi kadastrını hazırlamlıdırlar".

Ə.Əliyev deyib ki, Azərbaycanın ayrı-ayrı iqtisadi zonalarının geokimyəvi kataloqu hazırlanmalı və insan sağlamlığına təsir edən, qorxu yaradan maddələr olub-olmadığı dəqiqləşdirilməlidir.

Onun sözlərinə görə, torpaqda olan müxtəlif maddələr zamanla sudan, ətraf mühitin təsirindən artıb-azaldığı üçün monitorinqlər hər beş ildən bir aparılmalıdır: "Torpaqda yetişən qida məhsullarının ekoloji təmizliyi yalnız bu günü deyil, gələcək illəri də əhatə etməlidir. Strateji planlaşma aparılmalıdır. Azərbaycan özünü klassik meyvə-tərəvəz, heyvandarlıq məhsulları ilə təmin edə bilmirsə, bu, ölkəmiz üçün müsbət hal deyil. Bu problemi qısa zamanda həll etməliyik və bundan sonra özümüz yetişdirdiyimiz məhsullara ciddi nəzarət etməklə əhalinin sağlamlığına xidmət etmiş olarıq". 

Son xəbərlər

Orphus sistemi