Yevlaxda Eldar şamlarının kütləvi qurumasının səbəbləri məlum olub

Yevlaxda Eldar şamlarının kütləvi qurumasının səbəbləri məlum olub Bakı-Ələt-Qazax avtomobil yolunun 284-cü kilometrliyində, Yevlax rayonundan keçən hissəsində “Eldar şam”larının kütləvi qurumasının səbəbləri məlum olub.
Ekologiya
30 Aprel , 2024 17:07
Yevlaxda Eldar şamlarının kütləvi qurumasının səbəbləri məlum olub

Bakı-Ələt-Qazax avtomobil yolunun 284-cü kilometrliyində, Yevlax rayonundan keçən hissəsində “Eldar şam”larının kütləvi qurumasının səbəbləri məlum olub.

Bu barədə “Report”un əraziyə ezam olunan əməkdaşına müsahibə verən Ekologiya və Təbii Sərvərlər Nazirliyinin (ETSN) Meşələrin İnkişafı Xidmətinin Meşəbərpa şöbəsinin müdiri Vahid Fərzəliyev bildirib.

O qeyd edib ki, son illər respublika ərazisində, xüsusilə də Aran bölgəsində şam ağaclarının kütləvi quruması halları müşahidə olunur. Qurumanın əsas səbəblərini müəyyən etmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Aqrar Xidmətlər və Qida Təhlükəsizliyi agentliklərinin mütəxəssisləri ilə birgə monitorinqlər aparılıb və ağacların quruma səbəbləri araşdırılıb.

“Araşdırmalar və monitorinqlər zamanı məlum olub ki, son illər havaların isti, quraq keçməsi, qış dövründə şaxtalı günlərin sayının az olması, qlobal iqlim dəyişikliyi nəticəsində qurunt suların səviyyəsinin aşağı düşməsi bəzi ağacların, əsasən də Eldar şamlarının zəifləməsinə gətirib çıxarıb və ağac gövdələrində olan əsas ziyanvericilərin aktivliyi üçün münbit şərait yaranıb. Bu da zərərvericilərin say dinamikasında artıma gətirib çıxarıb. Əsas bizim müşahidə etdiyimiz zərərvericilər qabıq böcəkləridir ki, bu böcəklər ağacın qabığına sirayət edərək onun altına daxil olur və burada qoyulan yumurtalar, yumurtadan çıxan sürfələr floema qatını zədələyir, ağacda gedən maddələr mübadiləsi prosesinin pozulmasına səbəb olur. Bu xəstəliklərin də yayılmasının əsas səbəbi zərərvericilərin qabıq altında hərəkət etməsidir. Bunun da nəticəsində ağaclarda bir neçə ay, bəzən də bir neçə həftə içərisində kütləvi quruma halları müşahidə olunur. Bu xəstəliklərin yayılmasının ağaclarda ilkin əlamətləri odur ki, öncə yarpaqlar saralır, daha sonra qızarır və nəticədə ağaclar getdikcə quruyur. İsti havalarda isə xəstəliyin təsiri nəticəsində ağaclar daha sürətli şəkildə, 10-15 gün içərisində quruyaraq sıradan çıxır”, - V.Fərzəliyev bildirib.

O, quruyan ağacların nömrələndiyini, ətrafdakı digər sağlam ağacların yoluxmasının qarşısının alınması məqsədilə onların bir hissəsinin artıq ərazidən götürüldüyünü vurğulayıb: "Hazırda ərazidəki digər qurumuş ağacların götürülməsi işləri aparılır, quru ağaclar Regional Meşə Təsərrüfatı Mərkəzinin işçiləri tərəfindən təmizlənərək ərazidən daşınır”.

Xidmət rəsmisi onu da qeyd edib ki, sahə meşə əkininə hazırlandıqdan sonra ərazidə yerli şəraitə uyğun yeni ağaclar əkiləcək.

Son xəbərlər

Orphus sistemi