​Yaşıllıqlara qulluq, onların xəstəlik və zərərvericilərdən mühafizəsi qaydası müəyyən edilib

​Yaşıllıqlara qulluq, onların xəstəlik və zərərvericilərdən mühafizəsi qaydası müəyyən edilib Bu qayda respublika ərazisindəki yaşıllıqlara qulluq, onların xəstəlik və zərərvericilərdən mühafizəsi mexanizmini tənzimləyir
Ekologiya
18 İyun , 2016 01:55
​Yaşıllıqlara qulluq, onların xəstəlik və zərərvericilərdən mühafizəsi qaydası müəyyən edilib

Bakı. 18 iyun. REPORT.AZ/ Bakı. 18 iyun. REPORT.AZ/ Nazirlər Kabineti “Yaşıllıqlara qulluq, onların xəstəlik və zərərvericilərdən mühafizəsi qaydası”nın təsdiq edilməsi barədə qərar qəbul edib.

"Report" xəbər verir ki, bu qayda meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət ərazilərində və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, respublika ərazisindəki yaşıllıqlara qulluq, onların xəstəlik və zərərvericilərdən mühafizəsi mexanizmini tənzimləyir.

Qeyd olunur ki, yaşıllıqlara qulluq, onların xəstəlik və zərərvericilərdən mühafizəsi yaşıllıqların vəziyyətinin öyrənilməsi ilə bağlı müntəzəm müşahidələr aparmaq, onların inkişafı üçün müvafiq tədbirlər görmək, xəstəlik və zərərvericilərin mənbələrini aşkara çıxarmaq, həmin yerlərdə profilaktik və fitosanitar tədbirləri aparmaq, bu halların yayılmasının qarşısını almaq və aradan qaldırmaq yolu ilə təmin edilir.

Yaşıllıqlara qulluq

- Yaşıllıqlara qulluq torpaqda yumşaltma işləri aparılmaqla, alaq otları və kolların sahədən götürülməsi, suvarılması və mineral gübrə ilə yemləmə, habelə zərərvericilərə qarşı mübarizə tədbirlərindən ibarətdir. Bu tədbirlərin vaxtlı-vaxtında və aqrotexniki müddətlərdə aparılması yaşıllıqların bioloji inkişaf faizinin yüksəlməsinə və normal inkişaf etməsinə şərait yaradır.

- Yaşıllıqlara qulluğun müddəti, üsulu və təkrar olunması bitmə şəraitində yetişdirilən ağac və kol cinslərinin bioloji xüsusiyyətindən, torpaq hazırlığı üsulundan, yaşıllıqların yaradılması metodundan və əkin materialının ölçüsündən asılı olaraq müəyyən edilir.

Yaşıllıqların xəstəlik və zərərvericilərdən mühafizəsi

- Yaşıllıqların xəstəlik və zərərvericilərdən mühafizəsi üzrə profilaktik və fitosanitar tədbirləri fiziki və hüquqi şəxslər, bələdiyyələr, istifadəsində olan torpaq sahələrinə münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin elmi-praktiki dəstəyi ilə həyata keçirirlər.

Yaşıllıqların karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizmlərə qarşı mübarizə tədbirləri “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi həyata keçirir.

Yaşıllıqların xəstəlik və zərərvericilərdən mühafizəsi tədbirləri aşağıdakılardır:

- ümumi, məqsədli, stasionar və marşrut müşahidələri;

- xəstəlik və zərərvericilərin əmələ gəlməsinin ümumi, ilkin yoxlanışı və onun dəqiq müşahidəsinin aparılması;

- xəstəlik və zərərvericilərlə müasir vasitələrlə mübarizə;

- xəstəliklərə qarşı profilaktik tədbirlərin, zərərvericilərin və xəstəliklərin mənbələrinin ləğv edilməsi işlərinin təşkili.

Yaşıllıqların xəstəlik və zərərvericilərdən mühafizəsini təşkil etmək məqsədi ilə fiziki və hüquqi şəxslərin, bələdiyyələrin, istifadəsində olan torpaq sahələrinə münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanlarının vəzifələri aşağıdakılardır:

- yaşıllıqlarda, əkinlərdə və tingliklərdə xəstəlik və zərərvericilərin kütləvi çoxalmasının və yayılmasının qarşısının alınması məqsədi ilə fitosanitar və digər tədbirləri həyata keçirmək;

- zərərvericilərin və xəstəliklərinyayılmasının vaxtında aşkar olunması üçün dövri olaraq müşahidələr aparmaq;

- aparılan müşahidələr nəticəsində aşkar olunmuş zərərvericilərin mənbələrinin ləğv edilməsini və ya məhdudlaşdırılmasını vaxtında təmin edən mübarizə tədbirlərini aparmaq;

- “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun zərərvericilərə və xəstəliklərə fitosanitar nəzarəti təşkil etmək və bilavasitə həyata keçirmək, zəruri hallarda zərərvericilərin müxtəlif mərhələlərdə həyat qabiliyyətini və xəstəlik mənbələrini müəyyən etmək üçün laboratoriya analizləri aparmaq;

- yaşıllıqların fitosanitar vəziyyəti barədə məlumat tərtib etmək, həmçinin xəstəliklərin və zərərvericilərin yayılması riskini proqnozlaşdırmaq;

- yaşıllıqlarda xəstəliklərin və zərərvericilərin qarşısını almaq və geniş yayılmasına yol verməmək məqsədi ilə əkinlərin davamlılığının artırılmasına yönəldilən fitosanitar və aqrotexniki tələblərin yerinə yetirilməsini təmin etmək;

- xidmət etdikləri ərazidə zərərvericilərə qarşı mübarizə tədbirlərində müasir vasitələrdən istifadə etmək məqsədi ilə iş planı hazırlamaq, bu işə texniki rəhbərlik etmək, həmçinin pestisidlərin daşınmasında, xəstəliklərə və zərərvericilərə qarşı tətbiq edilməsində “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydalara riayət etmək.

Qaydaya görə, yaşıllıqların xəstəliklərdən və zərərvericilərdən mühafizəsi üzrə fitosanitar nəzarəti, onun aparılmasının məqsəd və üsulundan asılı olaraq, monitorinq yolu ilə həyata keçirilir və hərtərəfli nəzarətə bölünür. Həmçinin monitorinq yolu ilə həyata keçirilən nəzarət zamanı məlum ərazinin şəraiti üçün təhlükəli olan xəstəlik və zərərvericilərin mənbələri aşkar edilir, yaşıllıqlar üçün yaranmış təhlükə qiymətləndirilir və bu mənbələrin vəziyyətinə nəzarət edilir. Nəzarətdə olan sahə, xəstəliklərin və zərərvericilərin adları, təyin olunan nəzarətin üsulu və müddəti göstərilir, həmçinin nəzarət üçün ayrılmış yaşıllığın təsviri verilir. Monitorinq yolu ilə nəzarət zərərvericilərin mənbələrini aşkar etmək məqsədi ilə xüsusi seçilmiş yaşıllıq sahələrində və ya belə sahələrdə xüsusi marşrut yollarının kəsişməsində müayinə etmək yolu ilə həyata keçirilir. Hərtərəfli nəzarətdə zərərvericilərin miqdarının dəyişməsi, bu dəyişmənin səbəbi müəyyən edilir, alınan nəticələrə əsasən, onların kütləvi yayılmasının qısa və uzunmüddətli proqnozu işlənilir. Hərtərəfli nəzarət zamanı hər növ ziyanverici üçün bir neçə sahə seçilir və ildə iki dəfə zərərvericilərin biologiyasına müvafiq yoxlama keçirilir.

Verilən proqnoza görə bu və ya digər növ zərərvericinin kütləvi artması gözlənilərsə, hərtərəfli nəzarət üçün ayrılmış sahələrə, zərərvericinin artması ehtimal edilən yaşıllıq massivləri də daxil edilir və orada mükəmməl müayinələr keçirilir. Fəaliyyətdə olan təhlükəli zərərverici və xəstəlik mənbələrinin uçotunun aparılmasını, həmçinin görülən tədbirlərin və təbii amillərin təsiri nəticəsində ləğv edilmiş mənbələrin vaxtında uçotdan çıxarılması məqsədi ilə hər il payızda mənbələrin inventarlaşdırılması aparılır İnventarlaşdırılmanın aparılmasında, keçən dövrdə aşkar olunmuş xəstəliklərin və zərərvericilərin mənbələrinin miqdarı haqqında məlumatlardan, nəzarətin və müşahidələrin nəticələrindən istifadə edilir.

Son xəbərlər

Orphus sistemi