ETSN: Bakıda tapılan ayı balası bizə təhvil verilməyib
Bakı. 29 aprel. REPORT.AZ/ Bakının Suraxanı rayonunda, “BakuBus” avtobuslarının saxlanıldığı yerin yaxınlığında tapılaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən götürülmüş ayının harada saxlanıldığı məlum deyil.
FHN-in mətbuat xidmətinin rəhbəri Oktay Bayramov “Report”a açıqlamasında məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) müraciət etməyi məsləhət görüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova “Report”a açıqlamasında deyib ki, Suraxanı rayonunda tapılan ayı balası nazirliyə təhvil verilməyib.
“Davamlı İnkişaf Cəmiyyəti”nin sədri, ekologiya üzrə ekspert Fikrət Cəfərov “Report”a açıqlamasında bildirib ki, şəhərdə və ya yaşayış məntəqəsində tutulan vəhşi heyvanları insanlara təhlükə yaratmayan yerə aparmaq lazımdır: "Ayı balası balaca və böyük olmasından asılı olmayaraq, bu heyvan yırtıcı heyvandır”.
O bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən belə halların qarşısını almaq üçün 2006-cı ildə Altıağac milli parkının nəzdində Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikası tikilib: “Buranı tikəndə məqsəd zədələnən, yolda xəsarət alan heyvanları mərkəzə gətirərək müalicə edib, yenidən təbiətə buraxmaq olub. Ayı balası anasız qala bilmir. Onu yedizdirmək, ayağa qaldırmaq lazımdır. İndiki halda FHN ayını Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təhvil verməlidir”.
F.Cəfərovun sözlərinə görə, ola bilsin ki, bəzi adamlar ayını Zooparka aparmağı məsləhət bilsin: "Zooparkda hazırda bir neçə ayı var, ayını orda saxlamaq imkanı yoxdur. Zooparkın yeri azdır. Bir də qeyd edim ki, ayı balası vəhşi heyvandır, onu yenidən təbiətə qaytarmaq lazımdır”.