Son bir ayda Azərbaycanda 478 zəlzələ olub

Son bir ayda Azərbaycanda 478 zəlzələ olub Həmçinin, ən çox zəlzələ baş verən bölgələrin adları açıqlanıb
Ekologiya
5 Fevral , 2015 13:23
Son bir ayda Azərbaycanda 478 zəlzələ olub

Bakı. 5 fevral. REPORT.AZ/ "Cari ilin yanvar ayı ərzində Azərbaycan və ölkəyə bitişik ərazilərdə (Dağıstan, Gürcüstan, Ermənistan, Türkiyə və İran) ümumilikdə 788, sərhəd daxilində isə 478 zəlzələ qeydə alınıb". Bu barədə "Report"a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, baş verən zəlzələlərdən ikisi daha güclü olub: "Onlardan biri yanvarın 26-da Şabranda 5 bal gücündə baş vermişdi ki, həmin təkanlar hiss olunmuşdu. Digəri isə Naxçıvan tərəfdə müşahidə olunub. 17 zəlzələ rixter cədvəli ilə götürdükdə maqnitudası 3 və 3-dən yuxarı olub. Qeyd edim ki, hər zaman ilin birinci rübü aktiv olur". 

Q.Yetirmişli, həmçinin əlavə edib ki, Şamaxı-İsmayıllı, Xəzər dənizi, Abşerondan şimala Xızı istiqamətində Xəzəryanı ərazilər, Talış zonası, Naxçıvan və cənub-qərb ərazilərində təkanlar daha çox qeydə alınır: "Lakin ümumillikdə götürdükdə Böyük Qafqazın şimal hissəsi, cənub qərb bölgəsi, Gəncə, Ağstafa, Qazax, Mingəçevir, Naxçıvan, Ermənistan və Zəngəzur zonasında mütəmadi olaraq təkanlar baş verir. Qarabağ zonası, orta və aşağı Kürdə isə nadir hallarda zəlzələ olur".

Son xəbərlər

Orphus sistemi