Sabahdan Azərbaycanda havanın temperaturu aşağı düşəcək

Sabahdan Azərbaycanda havanın temperaturu aşağı düşəcək Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gündüz 11-14 dərəcə isti olacağı gözlənilir
Ekologiya
20 Noyabr , 2014 15:28
Sabahdan Azərbaycanda havanın temperaturu aşağı düşəcək

Bakı. 20 noyabr. REPORT.AZ/ Noyabrın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə çiskinli olacağı, gecə saatlarında yağış yağacağı ehtimal olunur. Mülayim şimal-şərq küləyi əsəcək.

Bu barədə “Report”a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Havanın temperaturunun gecə 7-10, gündüz 11-14 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 769 mm civə sütunundan 762 mm civə sütununa düşəcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında isə hava şəraitinin gecə və səhər saatlarında bəzi yerlərdə dumanlı, çiskinli, şimal və şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 4-9, gündüz 11-16, dağlarda gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 3 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Noyabrın 22-23-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, noyabrın 23-24-də küləyin güclənməsi və temperaturun kəskin aşağı enməsi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

ETSN xəbərdarlıq edir ki, noyabrın üçüncü ongünlüyünün birinci yarısında ölkə ərazisində qeyri-sabit, dəyişkən hava şəraiti gözlənilir.

Noyabrın 21-i hava şəraitinin axşam respublikanın şimal rayonlarından başlayaraq fasilələrlə yağıntılı keçəcəyi, bəzi rayonlarda intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Noyabrın 23-dən 25-dək şimal küləyinin güclənəcəyi, temperaturun ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcəyi gözlənilir. 

Son xəbərlər

Orphus sistemi