​İlham Əliyev: "Ermənistanda Araz çayının çox ciddi çirklənməsi müşahidə olunur"

​İlham Əliyev: "Ermənistanda Araz çayının çox ciddi çirklənməsi müşahidə olunur" "Bütün müraciətlərimizə baxmayaraq, əfsuslar olsun ki, Ermənistan bu siyasəti davam etdirir"
Ekologiya
14 Fevral , 2016 14:42
​İlham Əliyev: Ermənistanda Araz çayının çox ciddi çirklənməsi müşahidə olunur

Bakı. 14 fevral. REPORT.AZ/ "Ermənistanda Araz çayının çox ciddi çirklənməsi müşahidə olunur. Bu da bizim hamımız üçün təhlükədir. Çayın çirklənməsinin dayandırılması ilə bağlı etdiyimiz bütün müraciətlərimizə baxmayaraq, əfsuslar olsun ki, Ermənistan bu siyasəti davam etdirir".

"Report" xəbər verir ki, bu sözləri fevralın 13-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “İqlim və enerji təhlükəsizliyi. İstiləşmə hələ də davam edirmi?” mövzusunda keçirilən panel-müzakirədə iştirakı zamanı Azərbaycan prezidenti İlham Əliyev bildirib.

O bildirib ki, "Azərbaycan üçün əsas təhlükə ondan ibarətdir ki, onu su ilə təchiz edən əsas çayların öz mənbəyini qonşu ölkələrdən götürməsindədir və xüsusilə Ermənistanda Araz çayının çox ciddi çirklənməsi müşahidə olunur".

"Bu bizim hamımız üçün təhlükədir. Çayın çirklənməsinin dayandırılması ilə bağlı etdiyimiz bütün müraciətlərimizə baxmayaraq, əfsuslar olsun ki, Ermənistan bu siyasəti davam etdirir. Sizin də qeyd etdiyiniz kimi, biz iyirmi ildən artıqdır ki, təcavüz və işğaldan əziyyət çəkirik. Ərazilərimizin 20 faizi işğal altındadır. İnsanların əziyyət çəkməsindən savayı, təbiətimiz də əziyyət çəkir. Çünki hər hansı beynəlxalq nəzarət altında olmayan bu ərazilərdə çoxlu qeyri-qanuni fəaliyyətlər, xüsusilə meşələrin qırılması baş verir. Çünki bu ərazilər öz qədim ağac və meşələri ilə çox məşhurdur. İndi isə bu meşələr kommersiya məqsədləri üçün kəsilir", - deyə İlham Əliyev qeyd edib.

Dövlət başçısı, həmçinin Azərbaycanın müstəqilliyin son 25 ilində atmosferə qaz tullantılarını azalda bildiyini diqqətə çatdırıb. O bildirib ki, 1990-cı ildə tullantılar 70 milyon tondan çox təşkil edirdi, indi isə təqribən 50 milyon tondan çoxdur və bu, ölkə iqtisadiyyatının həmin müddətdə kəskin şəkildə artmasına baxmayaraq, baş verib.

Son xəbərlər

Orphus sistemi