Hidrometeorologiya Elmi Tədqiqat İnstitutunun 50 yaşı tamam olur

Hidrometeorologiya Elmi Tədqiqat İnstitutunun 50 yaşı tamam olur İnstitut Xəzər dənizinin, respublikanın quru ərazisinin hidrometeoroloji şəraitinin öyrənilməsi istiqamətində çoxsaylı tədqiqatlar aparıb
Ekologiya
16 Mart , 2016 16:31
Hidrometeorologiya Elmi Tədqiqat İnstitutunun 50 yaşı tamam olur

Bakı. 16 mart. REPORT.AZ/ Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Hidrometeorologiya Elmi Tədqiqat İnstitutunun fəaliyyət göstərməsinin 50 ili tamam olur.

ETSN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, 50 illik fəaliyyəti dövründə İnstitut Xəzər dənizinin, respublikanın quru ərazisinin hidrometeoroloji şəraitinin öyrənilməsi istiqamətində çoxsaylı tədqiqatlar aparıb, hidrometeoroloji xidmət sisteminin metodiki təminatı, yüksək ixtisaslı kadr hazırlığı həyata keçirilib, eyni zamanda hidrometeorologiyaya dair atlaslar, çoxsaylı monoqrafiyalar, metodiki vəsaitlər, sorğu və icmallar nəşr olunub.

Hidrometeorologiya Elmi Tədqiqat İnstitutu ETSN-nin prioritet istiqamətlərinə uyğun olaraq, müasir iqlim dəyişmələri və onun regional təsirləri, təhlükəli hidrometeoroloji hadisələr, səth su ehtiyatlarının qiymətləndirilməsi, yüksək dağlıq ərazilərin hidrometeoroloji şəraitinin tədqiqi, hidrometeoroloji proqnozların və müşahidə sistemlərinin təkmilləşdirilməsi, hidrometeoroloji xidmətin metodik təminatı, nəşr, yüksək ixtisaslı kadrların hazırlanması sahəsində fəaliyyətini davam etdirir. 2002-ci ildən bugünədək 140-a yaxın elmi məqalə (bunlardan 14-ü xaricdə, “İnfakfaktor” indeksli jurnallarda), 9 monoqrafiya, 2 xəritə, 1 sel kataloqu, 1 atlas, 18 metodiki vəsait, 3 dərslik çap edilib.

İnstitut tərəfindən aparılan elmi tədqiqat işlərindən alınmış nəticələrdən 5-i xüsusi əhəmiyyətinə görə AMEA-nın Yer Elmləri Bölməsi tərəfindən vacib elmi nəticələr sırasına daxil edilib.

Qeyd edək ki, Hidrometeorologiya Elmi Tədqiqat İnstitutu 16 mart 1966-cı ildə Zaqafqaziya Hidrometeorologiya Elmi Tədqiqat İnstitutunun nəzdində Dəniz Hidrometeorologiya laboratoriyası kimi fəaliyyətə başlayıb. 1970-ci ildə Rusiya Dövlət Okeanoqrafiya İnstitutunun tərkibinə verilib, 1975-ci ildən Zaqafqaziya Hidrometeorologiya Elmi Tədqiqat İnstitutunun Bakı Bölməsi kimi, Azərbaycan müstəqillik qazandıqdan sonra isə Dövlət Hidrometeorologiya Komitəsinin nəzdində fəaliyyət göstərib.

2001-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin nəzdində Hidrometeorologiya Elmi Tədqiqat İnstitutu kimi fəaliyyətini davam etdirir.

Son xəbərlər

Orphus sistemi