Bakı. 19 fevral. REPORT.AZ/ Ötən il torpaqların çirklənməsinin monitorinqi zamanı götürülən 366 torpaq nümunəsi üzərində 3193 kimyəvi analiz yerinə yetirilib. "Report" xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2015-ci il ərzində görülmüş işlərə dair hesabatda bildirilib.
Sənəddə qeyd olunub ki, Bakı, Sumqayıt və Gəncə şəhərlərinin ərazi və ətraf torpaqlarının texnogen (ağır metallarla) çirklənməsinin tədqiqi məqsədi ilə zavodların ərazisindən nümunələr götürülərək analiz edilib. Belə ki, Bakı şəhərinin ərazi və ətraf torpaqlarının texnogen (ağır metallarla) çirklənməsi üzrə ağır metallardan mis 3.6, nikel 1.5, manqan 2.2, Sumqayıtda manqan 1.9, Gəncədə qurğuşun 1.7, manqan 7.3, xrom 1.4, mis və nikel 2 dəfə yol verilən qatılıq həddindən artıq olub.
Ölkə ərazisində torpaqların fon tərkibinin, neft məhsulları, pestisidlər və ağır metallarla çirklənməsinin öyrənilməsi məqsədi ilə aparılan monitorinqlər davam etdirilib.