ETSN: “Günəşli” yatağında qəza baş verən ərazidə monitorinqlər davam etdirilir

ETSN: “Günəşli” yatağında qəza baş verən ərazidə monitorinqlər davam etdirilir Aparılan təhlillərin nəticəsinə görə dəniz ekosistemində ciddi ekoloji pozuntu halı aşkar edilməyib
Ekologiya
5 Fevral , 2016 14:41
ETSN: “Günəşli” yatağında qəza baş verən ərazidə monitorinqlər davam etdirilir

Bakı. 5 fevral. REPORT.AZ/ “Günəşli” yatağının 10 saylı Dərin Dəniz Özülündə qəza baş verən ərazidə dəniz ətraf mühitinə göstərə biləcək ekoloji təsirləri müşahidə etmək məqsədi ilə monitorinqlərin keçirilməsi davam etdirilir.

“Report” xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin illik hesabatında bildirilib.

Məlumata görə, ötən il dekabrın 4-də “Günəşli” yatağının 10 saylı Dərin Dəniz Özülündə baş verən qəza nəticəsində dəniz ətraf mühitinə göstərə biləcək ekoloji təsirləri müşahidə etmək məqsədi ilə həmin ərazidə Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin mütəxəssislərinin iştirakı ilə monitorinqlər keçirilib.

Keçirilən monitorinqlər zamanı sözügedən özül ətrafından müxtəlif nöqtələrdən (koordinatlar üzrə) dəniz suyu nümunələri götürülüb. Həmin nümunələr üzərində analitik, ekotoksikoloji və mikrobioloji təhlillər aparılıb. Aparılan təhlillərin nəticəsinə görə dəniz ekosistemində ciddi ekoloji pozuntu halı aşkar edilməyib.

Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi tərəfindən 2015-ci il ərzində keçirilən monitorinqlər nəticəsində Xəzər dənizinin sahil zolağı, eləcə də dəniz akvatoriyasında qeydə alınan bütün ekoloji problemlərlə bağlı məlumatlar həftəlik və aylıq bülletenlərdə müvafiq təklif və proqnozlar verilməklə əks etdirilib və tədbir görülməsi üçün aidiyyəti təşkilatlara göndərilib.

Qəza baş vermiş ərazidə dəniz ətraf mühitinə göstərə biləcək ekoloji təsirləri müşahidə etmək məqsədi ilə monitorinqlərin keçirilməsi davam etdirilir.

Son xəbərlər

Orphus sistemi