ETSN: Bu il ov icazəsi istəyən avropalı turistlərin sayı daha çox olub

ETSN: Bu il ov icazəsi istəyən avropalı turistlərin sayı daha çox olub Bu ilin 7 ayı ərzində Azərbaycanda 707 adama ovçu bileti verilib
Ekologiya
20 Avqust , 2016 10:19
ETSN: Bu il ov icazəsi istəyən avropalı turistlərin sayı daha çox olub

Bakı. 20 avqust. REPORT.AZ/ Bu ilin 7 ayı ərzində Azərbaycanda 707 adama ovçu bileti verilib.

Bu barədə “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktor müavini Hikmət Əlizadə bildirib.

O deyib ki, 2015-ci il ərzində isə 1312 adama ovçu bileti verilib.

H.Əlizadə son iki ayda, yəni yeni ov mövsümündə nazirliyə ərəb ölkələrinin vətəndaşları tərəfindən hələ heç bir müraciət daxil olmadığını söyləyib: “Azərbaycana son vaxtlar gələn xaricilər arasında ərəb ölkələrlərindən olan turistlərin sayı artdığı müşahidə olunur. Təbii ki, onlar arasında da ov marağında olanlar var. Ovla məşğul olmaq istəyən vətəndaş hansı ölkədən olmasından asılı olmayaraq Azərbaycanda ovçuluq fəaliyyətini həyata keçirmək istəyən şirkətlərin vasitəsitəçiliyi ilə nazirliyə müraciət edir. Çünki xarici vətəndaş qanunları bilmir, bu məqsədlə də şirkətlərə müraciət edirlər. Bu mövsüm xarici ölkə vətəndaşları da ov icazəsi almaq üçün müraciət edib. Avropa ölkələrindən müraciətlər daha çox olur. Məsələn İspaniya, Almanya və s.”

Direktor müavini xatırladıb ki, ovçuluq etmək istəyən şəxs yetkinlik yaşına çatmalı, yəni 18 yaşından kiçik olmamalıdır: “Həmin şəxsin əqli və fəaliyyət qabiliyyətinin normal olması zəruridir. Ovçunun həmçinin rəsmi sənədi olan ov silahı olmalıdır. Silahın saxlanılması və gəzdirilməsinə icazəni Daxili İşlər Nazirliyi verir. Ovçuluq fəaliyyəti isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ovçuluq üçün ayrılan ov yerlərində ovçuluq və üzvlük bileti əsasında verilən icazəyə müvafiq olaraq həyata keçirilir”.

H.Əlizadənin sözlərinə görə, ovçuluq bileti almaq üçün vətəndaş minimum sınaq imtahanı verməlidir: “İmtahan test üsulu ilə aparılır. Vətəndaşların işini asanlaşdırmaq üçün həm nazirlikdə, həm də regionlarda imtahanlar təşkil olunur. Bileti almaq üçün dövlət rüsumu Tarif Şurasının qərarı ilə müəyyənləşdirilib və 11 manat təşkil edir”.

Nazirlik rəsmisi xatırladıb ki, ov etmək üçün icazədə ov obyektlərinin növü, ovlama üsulu və yeri, norması (sayı), ovun vaxtı, icazənin müddəti və şərtləri göstərilir: “Ov etmək üçün icazədə göstərilən normadan (saydan) artıq əldə edilən ov məhsulları ovçulardan geri alınır və onlara qarşı qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq tədbirlər görülür”.

Son xəbərlər

Orphus sistemi