Əməyin mühafizəsi sahəsində fərqlənmiş işçilərə mükafat və fəxri fərmanlar verilib

Əməyin mühafizəsi sahəsində fərqlənmiş işçilərə mükafat və fəxri fərmanlar verilib SOCAR-ın idarə və müəssisələrində Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş tədbirlər keçirilib
Ekologiya
28 Aprel , 2016 18:43
Əməyin mühafizəsi sahəsində fərqlənmiş işçilərə mükafat və fəxri fərmanlar verilib

Bakı. 28 aprel. REPORT.AZ/ SOCAR-ın idarə və müəssisələrində Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş tədbirlər keçirilib. Tədbirlərdə sağlam və təhlükəsiz iş şəraitinin təmin olunması, habelə işçilərin əmək prosesində təhlükəsizlik qaydalarına düzgün əməl etməsiylə bağlı müvafiq təlimatlandırma işləri aparılıb.

"Report"un şirkətə istinadən verdiyi xəbərə görə, “Azneft” İstehsalat Birliyində ''İş yerində stress: kollektiv çağırış'' mövzusunda keçirilmiş tədbirdə Birliyin Baş direktorunun Əməyin mühafizəsi üzrə müavini Cəlair Səmədov çıxış edərək iş yerində stress yaradan amillərdən və bununla bağlı təşkilatlarda aparılmış araşdırmaların nəticələrindən, stresin insan orqanizminə törətdiyi fəsadlardan danışıb, onun iş məhsuldarlığını aşağı saldığını vurğulayıb. Mövzu ətrafında çıxış edən natiqlər stresin idarə olunması, streslə mübarizənin yolları haqqında geniş müzakirə aparıblar.

“Azəriqaz” İstehsalat Birliyində keçirilmiş yığıncaqda Birliyin Baş direktorunun Əməyin mühafizəsi üzrə müavini Ceyhun Şıxəliyev, satış və istismar üzrə müavini Ruslan Əliyev, əsaslı tikinti üzrə müavini Elman Abbasov, Həmkarlar İttifaqı Komitəsinin sədri Ədalət Qurbanov, şöbə rəisləri, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər. Ceyhun Şıxəliyev bildirib ki, əmək şəraitinin yaxşılaşdırılması, təhlükəsiz iş mühitinin yaradılması, maarifləndirmə və təlimatlandırma tədbirləri, sağlamlığın qorunması məqsədi ilə işçilərin tibbi sığorta edilməsi və qanunvericilikdə nəzərdə tutulmuş qaydada vaxtaşırı olaraq iş yerlərinin attestasiya olunması, həmçinin əmək qanunvericiliyində nəzərdə tutulmuş digər tələblərə layiqincə əməl edilməsi əməyin mühafizəsi sahəsində Birlik tərəfindən həyata keçirilən genişmiqyaslı işlərdəndir. Çıxış edənlər istehsalatda baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması, işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində həyata keçirilən tədbirlərin mühüm əhəmiyyət kəsb etdiyini bildirib, qabaqcıl iş təcrübələrinin tətbiqinin zəruriliyini vurğulayıblar. 

Sonda əməyin mühafizəsi sahəsində yüksək nəaliyyətlər qazanaraq fərqlənmiş işçilərə mükafat və fəxri fərmanlar verilib.

Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda təşkil olunmuş tədbiri giriş sözü ilə açan zavodun direktor müavini Əliağa Səfərov bildirib ki, son illər əməyin mühafizəsinin təkmilləşdirilməsi məqsədilə bir sıra vacib addımlar atılıb. Mürəkkəb vəziyyətlərdə işçilərin davranış qabiliyyətini inkişaf etdirmək üçün stresin idarə olunması ilə bağlı təlimlər təşkil edildiyi və işçilərə dəstək proqramlarının icra olunduğu bildirilib Qeyd olunub ki, zavodun bütün xidmət sahələrində hər bir işçi üçün təhlükəsiz və ekoloji cəhətdən sağlam iş şəraiti yaradılıb, əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə öyrənilib və tətbiq edilib.

Qeyd olunub ki, zavodun bütün işçi personalı “Paşa Sığorta” ASC ilə bağlanılmış müqaviləyə əsasən, Könüllü Tibbi Sığorta və “Paşa Həyat Sığorta” ASC ilə bağlanmış müqaviləyə əsasən, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” olunub. 

Son xəbərlər

Orphus sistemi