ETSN: Bu ilin 9 ayında Azərbaycanda 13 min kubmetr ağac qanunsuz kəsilib

ETSN: Bu ilin 9 ayında Azərbaycanda 13 min kubmetr ağac qanunsuz kəsilib Sektor müdiri: "Meşə yanğınlarına taxıl biçinindən sonra çör-çöpün yandırılması və əhalinin odla ehtiyatsız rəftarı səbəb olur"
Ekologiya
15 Oktyabr , 2015 10:20
ETSN: Bu ilin 9 ayında Azərbaycanda 13 min kubmetr ağac qanunsuz kəsilib

Bakı.15 oktyabr. REPORT.AZ/ "Bu il Azərbaycan meşələrində ağacların kəsilməsi halları azalıb". Bunu "Report"a açıqlamasında Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin sektor müdiri Sadiq Salmanov deyib.

O bildirib ki, bu ilin 9 ayı ərzində 13 min kubmetr miqdarda qanunsuz ağackəsmə halları olub: "Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu il üçün qanunsuz ağac kəsilməsi halları 2,5 dəfə azalıb".

Meşələrdə ağacların kəsilməsi hallarına əsasən Böyük Qafqaz ərazisində rast gəlindiyini deyən sektor müdiri bildirib ki, bu il analoji hadisələr əsasən Oğuz, Qəbələ, Gədəbəydə qeydə alınıb: "Meşə qanunvericiliyini pozan şəxslər (qanunsuz ağac kəsən, meşə torpaqlarını zəbt edən və digər meşə qanunvericiliyi hallarını pozanlar) barəsində qanunamüvafiq tədbirlər görülür".

S.Salmanovun sözlərinə görə, bu il meşə ərazisində böyük zərərə səbəb olacaq yanğın hadisəsi baş verməyib: "Cəmi 2 yanğın hadisəsi baş verib, keçən il ilə müqayisədə yanğın hadisələrinin sayı azalıb. Belə hadisələr əsasən meşə fondu ilə həmsərhəd olan torpaqlarda taxıl biçinindən sonra çör-çöpün yandırılması və meşəyə dincəlməyə gələn əhalinin odla ehtiyatsız rəftarı səbəb olur".

Son xəbərlər

Orphus sistemi