​Bakı növbəti beynəlxalq sərgiyə ev sahibliyi edəcək

​Bakı növbəti beynəlxalq sərgiyə ev sahibliyi edəcək Sərgidə 77 şirkət iştirak edəcək
Ekologiya
17 Noyabr , 2014 10:18
​Bakı növbəti beynəlxalq sərgiyə ev sahibliyi edəcək

Bakı. 17 noyabr. REPORT.AZ/ Noyabrın 19-u və 21-i arası Bakı Ekspo Mərkəzində "Xəzər: ətraf mühit üçün texnologiyalar" mövzusunda beşinci yubiley Beynəlxalq Ətraf Mühit Sərgisi (“CTE-2014”) keçiriləcək. Bu barədə "Report"a Ekologiya V Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Sərginin keçirilməsində əsas məqsəd təbii sərvətlərin qorunub saxlanılması və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına imkan yaradacaq təbiəti mühafizə üzrə innovasiyalı avadanlıq və texnologiyaların Azərbaycanda təşviqi və tətbiqidir.

Ekologiya və ətraf mühitin mühafizəsi ilə bağlı keçirilən sərgidə ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan rasional istifadə sahəsində innovasiya layihələri kompleks şəkildə təqdim olunacaq. “CTE-2014” beynəlxalq sərgisində Azərbaycan, Çexiya, Almaniya, İtaliya, Türkiyə, Rusiya, Böyük Britaniya, Fransa, İsveç və digər ölkələrdən 77 şirkət iştirak edəcək.

Sərgidə şirkət və dövlət strukturları ilə yanaşı, ekologiya sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları da öz stendlərini nümayiş etdirəcəklər. Sərgi çərçivəsində təbii ehtiyatlardan səmərəli istifadə, habelə bərpa olunan resurslar sahəsində ən yeni layihələr təqdim olunacaq, alternativ enerji mənbələri üçün, eləcə də suyun təmizlənməsi üzrə ən müasir avadanlıq nümunələri nümayiş etdiriləcək.

“CTE-2014” sərgisi ətraf mühitin mühafizəsi sahəsində əldə olunmuş nailiyyətləri nümayiş etdirməklə yanaşı, hökumət və qeyri-hökumət təşkilatları ilə ekoloji məsələlər üzrə əməkdaşlığın milli, regional və beynəlxalq səviyyədə genişləndirilməsinə, habelə enerjiyə qənaət olunması və alternativ enerji mənbələrinin tətbiqi sahəsində təcrübə mübadiləsinin aparılmasına imkan yaradacaq.

Qeyd edək ki, ətraf mühitin mühafizəsinə həsr olunmuş sərgi Böyük Britaniyanın “ITE Group plc” şirkəti və onun Qafqazdakı tərəfdaşı “Iteca Caspian” şirkətinin təşkilatçılığı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və İDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) Kampaniyasının dəstəyi ilə keçirilir.

Son xəbərlər

Orphus sistemi