Bakı. 11 aprel. REPORT.AZ/ Azərbaycanda "Yaşıl həyat: Təbiəti Qoruyaq!" layihəsi çərçivəsində maarifləndirici videoçarx hazırlanıb.
"Report"un məlumatına görə, "Düşüncə" Gənclərin İnkişafına Dəstək" İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə hazırlanan videorolikdə ətraf mühitin qorunmasının vacibliyi vurğulanıb.
Həmçinin, videoçarxda Azərbaycanın tanınmış simalarının ətraf mühitin qorunmasına dair çağırışları da yer alıb. Qeyd edilib ki, ətraf mühitin qorunmaması nəticəsində təbii fəlakətlər çoxalır.
Qeyd edək ki, layihənin məqsədi ətraf mühitin qorunması üçün gənclər arasında maarifləndirmə işini artırmaq, "yaşıl həyat" tərzini onlara aşılamaqdır.
Layihə çərçivəsində Bakı və Gəncədə ətraf mühitin mühafizəsi mövzusunda dəyirmi masalar keçirilib. Gənclər üçün ətraf mühitin mühafizəsi mövzusunda maarifləndirici və təbliğat xarakterli köynəklər hazırlanaraq gənclərə paylanılıb. Eyni zamanda, "Yaşıl həyat" adlı maarifləndirici kitab hazırlanaraq paylanılıb.