ADA Universiteti və “Təmiz Şəhər” ASC məktəblilər üçün Yay Düşərgəsi təşkil edəcək

ADA Universiteti və “Təmiz Şəhər” ASC məktəblilər üçün Yay Düşərgəsi təşkil edəcək Düşərgədə 13-17 yaşlarında olan yeniyetmələr iştirak edə bilər
Ekologiya
14 May , 2016 12:49
ADA Universiteti və “Təmiz Şəhər” ASC məktəblilər üçün Yay Düşərgəsi təşkil edəcək

Bakı. 14 may. REPORT.AZ/ ADA Universiteti və "Təmiz Şəhər" ASC iyun və iyul aylarında məktəblilər üçün Yay Düşərgəsi təşkil edəcək.

"Təmiz Şəhər" ASC-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, öyrədici və əyləncəli fəaliyyətlərin nəzərdə tutulduğu düşərgədə 13-17 yaşlarında olan yeniyetmələr iştirak edə biləcəklər.

Məlumata görə, düşərgənin proqramı akademik və yaradıcı hissədən ibarət olacaq. İştirakçılar ümumi dünyagörüşünü, məntiqi və tənqidi təfəkkürünü inkişaf etdirəcək, yeni dostlar qazanacaq, eyni zamanda qabiliyətlərini bir daha kəşf edəcəklər. Məktəblilərə kommunikasiya, media, fotoqrafiya, kompyuter proqram təminatı kimi sahələr üzrə də dərslər keçiləcək.

Bununla yanaşı, yeniyetmələr tullantılarla rəftar, ətraf mühitin qorunması, Bakıda tullantıların idarə olunması ilə bağlı təlimlərdə iştirak edəcəklər. "Təmiz Şəhər"in Balaxanı qəsəbəsindəki tullantıların çeşidlənməsi və tullantıların yandırılması zavodlarına baş çəkəcək, iş prosesi ilə yerində tanış olacaqlar. Həmçinin Qalada yerləşən "Tullantıdan Sənətə" muzeyinə tur təşkil olunacaq. Burada iştirakçılara tullantı materiallardan istifadə edərək müxtəlif əşyaların hazırlanması öyrədiləcək.

Düşərgə zamanı intellektual oyunlarla iştirakçıların vaxtlarının səmərəli və əyləncəli keçirilməsi təmin olunacaq.

Qeyd edək ki, düşərgədə iki qrup (birinci qrup 20 iyun – 1 iyul, ikinci isə 4 iyul – 15 iyul tarixlərində) iştirak edəcək. Düşərgədə iştirak etmək arzusunda olan məktəblilər ADA Universitetinin saytına daxil olaraq "Yay Düşərgəsi" səhifəsindəki ərizəni doldurub 10 iyun tarixinədək saytda göstərilən e-mailə göndərməlidirlər. Düşərgədə iştirak etmək üçün ödəniş və başqa detallar barədə isə http://www.ada.edu.az/en-US/Pages/ADA-Summer-Camp.... linkindən məlumat almaq mümkündür.

Son xəbərlər

Orphus sistemi