Yazıçı Natiq Rəsulzadənin yeni romanı oxuculara təqdim olunub

Yazıçı Natiq Rəsulzadənin yeni romanı oxuculara təqdim olunub "Oxucuların roman haqqında rəyi məni çox sevindirdi"
Ədəbiyyat
6 Noyabr , 2015 14:50
Yazıçı Natiq Rəsulzadənin yeni romanı oxuculara təqdim olunub

Bakı. 6 noyabr. REPORT.AZ/ Əməkdar incəsənət xadimi, "Şöhrət" ordenli yazıçı Natiq Rəsulzadənin yeni romanı dərc edilib.

Yazıçı "Report"a açıqlamasında deyib ki, roman hələlik jurnalda dərc edilib. 

Yeni roman "Qolfstrim" adlanır: "Əsər "Literaturnaya Azərbaycan" jurnalında nəşr olunub. Romanın birinci hissəsi jurnalda işıq üzü görəndən sonra oxuculardan təkliflər gəldi ki, tezliklə ikinci hissə də nəşr edilsin. Elə də oldu. Oxucuların roman haqqında rəyi məni çox sevindirdi. Qolfstrim okeanda isti axındır. Psixoloji, süjetsiz bir romandır və içində onlarla süjet var. Əsər qəribə, maraqlı janrdadır və ədəbiyyatdan, incəsənətdən fikirlər, kino haqqında düşüncələr yer alıb. Mən bu romanla çərçivəni qırmaq istəyirdim. Bilirsiz, bir çərçivə var ki, hər zaman onun içində yazmaq istəyirsən. Mən isə istəyirdim, o çərçivəni qırım və buna nail oldum. "Qolfstrim" romanının nə zaman kitab şəklində çap olunacağını deyə bilmərəm, çünki kitab çap etdirmək maddi vəsaitə bağlıdır. Həm də, kitab çapına o qədər də maraqlı deyiləm. Moskvada "Vitret" adlı elektron mağaza fəaliyyət göstərir. Artıq neçə illərdir ki, mənim kitablarım həmin elektron mağazada oxuculara çatdırılır. Orada yerləşdirilən kitablar jurnala nisbətən daha çox oxunur. 6 kinossenarim var. Mədəniyyət və Turizm Nazirliyinə təqdim etmişəm. Amma neçə illərdir orada qalıb".

Xatırladaq ki, Natiq Rəsulzadə "İntihar edənin gündəliyi", "Gecə çaparı", "Nonsens", "Məhəbbət ili", "Yağışlı bayram", "Kabuslar arasında", "Quş çəkirəm", "Ulduz yollar", "Tələ", "Adacıq" və başqa əsərlərin müəllifidir. Onun ssenariləri əsasında "Mələklərə inanmayın", "Bayramda yağış", "Yaşa, qızıl balıq", "Vahimə", "Gecə qatarında qətl", "Nə gözəldir bu dünya", "Girov", "Biz qayıdacayıq", "Ovsunçu" kimi filmlər çəkilib. 

Son xəbərlər

Orphus sistemi