"Xaç atası" romanının müəllifi Mario Pyuzonun şəxsi arxivi satılıb

"Xaç atası" romanının müəllifi Mario Pyuzonun şəxsi arxivi satılıb Hərraca çıxarılan şəxsi arxivi 625 min dollara satın alan insanın kimliyi anonim qalıb
Ədəbiyyat
20 Fevral , 2016 12:10
Xaç atası romanının müəllifi Mario Pyuzonun şəxsi arxivi satılıb

Bakı. 20 fevral. REPORT.AZ/ Tanınmış yazıçı, məşhur "Xaç atası" romanının müəllifi Mario Pyuzonun 1920-1999-cu illərədək yazdığı əsərlərin qeydləri, əlyazmaları saxlanılan şəxsi arxiv 625 min dollara satılıb.

"Report" xəbər verir ki, xarici KİV-lərin yaydığı məlumata görə, yazıçının ailəsinin hərraca çıxardığı 45 qutu əlyazmanı adı anonim saxlanılan kolleksiyaçı alıb.

Əlyazmalar arasında "Xaç atası" romanının müxtəlif hissələri, romana aid yazıçının etdiyi bir çox qeydlər, həmçinin roman əsasında çəkilən filmin ssenarisi yer alıb.

Əlyazmalar arasında yazıçının məşhur "Xaç atası" filminin rejissoru Frensis Ford Koppolo ilə şəxsi yazışmaları, filmlə bağlı qeydləri də yer alıb.

Xatırladaq ki, Mario Pyuzo Nyu-Yorkda italyan emiqrantın ailəsində dünyaya gəlib.

Yaradıcılığına jurnalist kimi başlayan yazıçı 1969-cu ildə "Xaç atası" romanını yazıb. Dünyada məşhurlaşan roman əsasında çəkilən filmdən sonra yazıçının şöhrəti daha da çoxalıb. Mario Pyuzo 1972-ci ildə "Xaç atası" filminin ssenari müəllifi kimi "Oskar", 1974-cü ildə filmin ikinci hissəsinin ssenarisinə görə yenidən "Oskar"a layiq görülüb.


Son xəbərlər

Orphus sistemi