​Səyyad Salahlı: “Azərbaycan vətəndaşları ibadətlərini azad şəkildə həyata keçirirlər”

​Səyyad Salahlı: “Azərbaycan vətəndaşları ibadətlərini azad şəkildə həyata keçirirlər” Gəncədə “Azərbaycan-tolerantlığa nümunə ölkə” mövzusunda konfrans keçirilib
Din
17 Noyabr , 2014 16:05
​Səyyad Salahlı: “Azərbaycan vətəndaşları ibadətlərini azad şəkildə həyata keçirirlər”

Bakı. 17 noyabr. REPORT.AZ/ Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Gəncə şəhərində “Azərbaycan-tolerantlığa nümunə ölkə” mövzusunda “dəyirmi masa” – konfrans keçirib. “Report”un xəbərinə görə, bu barədə Dövlət Komitəsinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

Konfransda DQİDK sədrinin birinci müavini Səyyad Salahlı, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov, Gəncə şəhər ictimaiyyətinin və bölgədə fəaliyyət göstərən dini icmaların nümayəndələri iştirak ediblər.

S.Salahlı bildirib ki, Azərbaycan Respublikası dünyəvi, hüquqi, demokratik dövlətdir: “Ölkəmizdə bütün insanlar dinindən, dilindən, irqindən asılı olmayaraq qanun qarşısında bərabər hüquqludurlar. Hər bir vətəndaş mənsub olduğu dinin daşıyıcısı olaraq, onlara məxsus olan dini ibadət ocaqlarında - məsciddə, kilsədə, sinaqoqda azad şəkildə ibadətlərini həyata keçirirlər. Azərbaycanda mövcud olan qanunvericilik bazası və tarixən formalaşmış tolerantlıq mədəniyyəti bütün qeyri-müsəlmanların cəmiyyətdə bərabərhüquqlu şəxs kimi yaşamalarını təmin edir”.

M.Zeynalov çıxışında qeyd edib ki, Azərbaycan dünyaya tolerantlıq nümunəsi olacaq ölkədir: “Gəncə şəhəri də bütün ölkəmiz kimi, müxtəlif dinlərin və mədəniyyətlərin birgə yaşadığı məkandır. Hazırda Gəncədə müsəlman icmaları ilə yanaşı, rus və yəhudi icmaları da fəaliyyət göstərir və dini ibadətlərini də yerinə yetirirlər. Şəhər rəhbərliyi dini konfessiyaların fəaliyyətini hər zaman diqqətdə saxlayır və dəstəyini əsirgəmir”.

Konfransda əsas məruzə ilə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası, analitik təhlil və ictimai əlaqələr şöbəsinin müdir müavini Əliheydər Zülfüqarov bildirib ki, qloballaşma şəraitində ümumbəşəri dəyər kimi müxtəlifliyin qorunması məqsədilə, mədəniyyətlər və dinlər arasında dialoqun qurulması, tolerantlıq və dözümlülük ənənələrinin qorunması olduqca vacibdir.

Daha sonra Gəncə Dövlət Universitetinin prorektoru Pərvin Kərimzadə, Gəncə şəhəri Şah Abbas Cümə məscidi dini icmasının sədri Əlisəftər Səfərəliyev, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının sədr müavini Hüseyn Budaqov və Gəncə şəhəri, Aleksandr Nevski kilsəsinin keşişi Vyaçeslav Daşkov çıxış edərək Azərbaycanın tolerantlıq modelinin bütün dünyaya nümunə olduğunu qeyd ediblər. 

Son xəbərlər

Orphus sistemi