​QMİ-nin Şura sədri: "Dini maarifçilik sahəsində işlər yetərincə deyil"

​QMİ-nin Şura sədri: "Dini maarifçilik sahəsində işlər yetərincə deyil" "Kişisənsə, get, Qarabağda vuruş, Suriyada nə işin var!"
Din
19 Dekabr , 2014 15:22
​QMİ-nin Şura sədri: Dini maarifçilik sahəsində işlər yetərincə deyil

Bakı. 19 dekabr. REPORT.AZ/ "İslam dini heç vaxt təcavüzkar din ola bilməz. Günahsız insanı öldürmək bütün bəşəriyyəti öldürmək, günahsız insanı ölümdən xilas etmək isə bəşəriyyəti xilas etməkdir". "Report" xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Elmi-Dini Şurasının sədri, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev Azərbaycan Alimlərinin I Qurultayında çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, İslam dininin qayəsində insanpərvərlik, vətənpərvərlik durur: "Din ən yüksək mənəvi dəyərlərin təzahürlərindən biridir. Din insanı axirət səadətinə qovuşdurur . O başqa məsələdir ki, dindən başqa məqsədlə istifadə etməyə çalışan qüvvələr var və təcrübəsi olmayan gəncləri yoldan çıxarırlar. Odur ki, dini maarifçilik sahəsində işlər görülməlidir. Düzdür, respublikada bu istiqamətdə bir çox işlər görülür, amma təcrübə göstərir ki, bu işlər yetərincə deyil”.

V.Məmmədəliyev deyib ki, bəziləri hazırda cavanları azdırır və onları Əfqanıstana, Suriyaya aparırlar: “Bunların da arxasında böyük pullar dayanır. Cavanlarımızın təcrübəsizliyindən istifadə edirlər. Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu sahədə fəaliyyət göstərsə də, bu, yetərli deyil. Ali məktəblərdə də bu sahədə təbliğat aparmaq lazımdır".

"İslam adından istifadə edib hakimiyyətə gəlmək istəyənlər onu istədikləri kimi yozub, gəncləri yoldan çıxarmağa çalışırlar. Bütün bunlar dövləti, cəmiyyəti düşündürən məsələlərdir və bu məsələlərin həlli yolunu axtarmaq lazımdır. Gəncləri belə təsirlərin altına düşməyə qoymaq olmaz. Əfqanıstanda, Suriyada döyüşürlər, İraq İslam Şam Dövləti yaratmaq istəyirlər. Belə kişisənsə, get, Qarabağda vuruş, Suriyada nə işin var! Qadınlarımızın, gənclərimizin cürbəcür işlərə təhrik edilməsinin qarşısını almaq lazımdır”- o əlavə edib.

Akademik vurğulayıb ki, Azərbaycanda heç vaxt dini zəmində qarşıdurmalar olmayıb və olmayacaq: “Azərbaycanda heç vaxt sünni, şiə, vəhabi zəminində toqquşma olmayıb. Çünki heç vaxt Azərbaycan cəmiyyəti dindən hakimiyyətə gəlmək üçün vasitə kimi istifadə etməyib. Şah İsmayıl Xətai şiəlikdən istifadə edərək hakimiyyətə gəlib, o vaxt hakimiyyətə gəlmək üçün belə ideologiya lazım idi. Amma bunu istisna etsək, ümumiyyətlə, Azərbaycanda dindən öz zərərli məqsədlərinə çatmaq üçün istifadə etməyib. Təcrübəsiz gənclər arasında dini maarifçiliyi gücləndirmək lazımdır. Azərbaycan xalqı belə şeylərə uymayacaq, xalqımız dindən axirət sevdasını qorumaq üçün yararlanacaq”.

Son xəbərlər

Orphus sistemi