Mübariz Qurbanlı ​İsveçdə fəaliyyət göstərən kilsənin direktoru ilə görüşüb

Mübariz Qurbanlı ​İsveçdə fəaliyyət göstərən kilsənin direktoru ilə görüşüb Komitə sədri: "Dövlət tərəfindən İslam və qeyri-islam dini icmalara mütəmadi olaraq maliyyə vəsaiti ayrılır"
Din
9 Oktyabr , 2015 19:04
Mübariz Qurbanlı ​İsveçdə fəaliyyət göstərən kilsənin direktoru ilə görüşüb

Bakı. 9 oktyabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQDİK) sədri Mübariz Qurbanlı İsveçdə fəaliyyət göstərən “Həyat sözü” beynəlxalq kilsəsinin direktoru Kristian Okerhelmi qəbul edib.

Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, M.Qurbanlı Azərbaycanın tarixən müxtəlif konfessiyaların, xalqların, eləcə də ayrı-ayrı etiqad və inanclara malik etnosların sülh və əmin-amanlıq şəraitində birgə yaşadığı ölkə olduğunu bildirib: "Əsrlər boyu Azərbaycanda bütün dinlərin nümayəndələri qarşılıqlı anlaşma şəraitində yaşayıb, dini-etnik qruplar arasında ədavət və qarşıdurma halları müşahidə olunmayıb. Respublika əhalisinin 96%-nin İslam, 4%-nin isə qeyri-islam dinlərə mənsubdur".

Komitə sədri ölkədə yaşayan müxtəlif din və məzhəblərin nümayəndələrinə qayğı göstərməyin, onların problemlərini həll etməyin Azərbaycan dövlətinin din siyasətinin prioritet istiqamətlərindən birini təşkil etdiyini deyib.

O bildirib ki, Prezident İlham Əliyevin siyasətində bu məsələlər əhəmiyyətli yer tutur, dövlət tərəfindən İslam və qeyri-islam dini icmalara mütəmadi olaraq maliyyə vəsaiti ayrılır.

Komitə sədri “Həyat Sözü” dini icmasının dini xarakterli tədbirlərdə yaxından iştirak etdiyini, ümumilikdə, icmanın fəaliyyətinin mövcud qanunvericiliyə müvafiq olduğunu bildirib.

Yenidən Azərbaycanda olmasından məmnunluğunu ifadə edən Kristian Okerhelm ilk səfəri zamanı – 1994-cü ildə Heydər Əliyevlə görüşünü, Ermənistanın təcavüzü nəticəsində öz yaşayış yerlərindən məcburən köçkün və qaçqın vəziyyətinə düşmüş Azərbaycan əhalisinə humanitar yardımın gətirilməsinin təşkilində şəxsən iştirak etdiyini xatırladıb. O, Azərbaycandakı tolerantlıq və dinlərarası münasibətləri, ölkədə ötən illər ərzində bütün sahələrdə çox böyük inkişaf yolu keçdiyini xüsusi olaraq qeyd edib. K.Okerhelm rəhbərlik etdiyi beynəlxalq mərkəzin gələcəkdə İsveçdə keçirəcəyi tədbirlərdə Azərbaycandan olan nümayəndə heyətinin iştirakından məmnun olacağını bildirib.

Son xəbərlər

Orphus sistemi