Mübariz Qurbanlı: "Dini xurafatla dini radikalizm bir medalın iki üzüdür"

Mübariz Qurbanlı: "Dini xurafatla dini radikalizm bir medalın iki üzüdür" Bakıda "Multikulturalizm ili" çərçivəsndə "Media və din" mövzusunda konfrans keçirilib
Din
18 Avqust , 2016 12:34
Mübariz Qurbanlı: Dini xurafatla dini radikalizm bir medalın iki üzüdür

Bakı. 18 avqust. REPORT.AZ/ Bakıda "Multikulturalizm ili" çərçivəsndə "Media və din" mövzusunda konfrans keçirilib. 

"Report"un məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycanda fəaliyyət göstərən bəzi mətbu orqanlar oxucusunun çox olmasını istəyir: "Təbii ki, bu da başadüşüləndir. Lakin sensasiya xarakterli başlıqların verilməsi zamanı həssas mövzularda diqqətli olmaq lazımdır. Həssas mövzularda hazırlanan yazılarda xalqın dini inancı ilə bağlı daxili senzuraya riayət edilməlidir. Xətaya yol verilməsi ictimaiyyət qarşısında cavabdeyhliyə gətirib çıxarır. Bu gün hər kəsə Azərbaycanda əhalinin 95 faizinin islami dəyələrə hörmət etdiyi məlumdur. Eyni zamanda, ölkəmizdə bütün dinlərə eyni yanaşmanın olduğunu bilirik".

Komitə sədri deyib ki, əksər vaxtlarda KİV-də dinlə bağlı əhəmiyyətli yazılara rast gəlinir: "Dövlət Komitəsi həmin yazıların müəliflərini daim qiymətləndirib: "Bəzən mətbuatda dini radikal qruplaşmaların şişirdilməsi hallarına rast gəlinir. Dindən sui-istifadə, dini siyasiləşdirmək cəhdləri var. Eyni zamanda, müxtəlif dinin daxilində ayrı-ayrı cərəyanlar yaranıb və onların hansısa qolları Azərbaycana da gəlib çıxıb. Azərbaycan mediasında bəzən yanlış olaraq bu cərəyanları bir-birinə qarışdırırlar. Təbii ki, bu da yolverilməzdir".

M.Qurbanlı vurğulayıb ki, bu gün Azərbaycanda dövlət-din münasibətləri normal məcrada inkişaf edir: "Azərbaycan çox konfessiyalı ölkədir. Azərbaycanda ayrı-ayrı dini konfessiyalar bərabər şəkildə fəaliyyət göstərir. Bu gün Azərbaycanda dövlət-din münasibətlərində qarşımızda iki mühüm vəzifə dayanıb. Birincisi, dini radikal qruplara qarşı ideoloji sahədə mübarizənin gücləndirmək və burada medianın rolunu artırmaq, ikincisi, dini xurafata qarşı mübarizə aparmaqdır. Müxtəlif səviyyələrdə jurnalistlərimiz təhqiqat işləri aparıblar. Bu gün də buna böyük ehtiyac var. Çünki xurafat, cahillik bu gün də mövcuddur. Dini xurafatdan da sui-istifadə edirlər. Dini xurafatla dini radikalizm bir medalın iki üzüdür".

Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov qeyd edib ki, Dövlət Komitəsi hər zaman mətbuatla sıx əlaqədə çalışıb: "Jurnaistlər istənilən vaxt öz sorğularını Dövlət Komitəsinə ünvanlayıb vaxtında cavab ala bilirlər. Bu cür konfransların keçirilməsi jurnalistlər arasında olan zəif ixtisaslaşmanı dərinləşdirir. Azərbaycan tolerant ölkədir, dünyada özünəməxsus yer tutur. Bundan başqa, ölkə mediası millidir. Dünyəvilik isə əsas prinsip kimi götürülüb".

Deputat əlavə edib ki, Azərbaycan mətbuatı dünyəvi və dini dəyərlər baxımından sələflərin qoyduğu prinsiplərə sadiqdir: "Nadir hallarda dini məsələri təbliğ edən yazılara az rast gəlinir. Az olduğundan diqqəti cəlb etmir. Azərbaycan jurnalistlərinin ölkədə din sahəsində həyata keçirilən bütün tədbirləri dəstəklədiyi hər kəsə bəllidir. Xarici qüvvələrin bəzi cəhdlərinin qarşısını almaqda medianın rolu danılmazdır. Nardaranda baş verən hadisələrdə mətbuat barışıq mövqeyindən çıxış etdi. Bu gün islamofobiya bütün dünyada geniş yayılıb. Ona görə də hadisələrə soyuq başla, səbrlə və ehtiyatla yanaşılmalıdır".

Tədbirdə deputatlar Bəxtiyar Sadıqov, Fazil Mustafa və digər iştirakçılar da mövzu ətrafında çıxış edərək fikirlərini bölüşüblər.  

Son xəbərlər

Orphus sistemi