Komitə sədri: "İŞİD, "Taliban" kimi qruplaşmaların törətdiyi vəhşiliklər göz önündədir"

Komitə sədri: "İŞİD, "Taliban" kimi qruplaşmaların törətdiyi vəhşiliklər göz önündədir" "Mədəni və dini abidələrə qarşı həyata keçirilən vəhşiliklər yalnız islam adı altında fəaliyyət göstərən terrorçu qruplaşmalar tərəfindən edilmir"
Din
4 Dekabr , 2015 17:16
Komitə sədri: İŞİD, Taliban kimi qruplaşmaların törətdiyi vəhşiliklər göz önündədir

Bakı. 4 dekabr. REPORT.AZ/ "Çox təəssüf ki, dünyanın ayrı-ayrı bölgələrində hələ də mədəniyyət irsinin, xalqların tarixən bütün bəşəriyyətə məxsus irsinin dağıdılması ilə müşayiət olunan hadisələr görürük".

"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, tarix elmləri üzrə fəlsəfə doktoru Mübariz Qurbanlı deyib.

O bildirib ki, İŞİD, "Taliban" kimi qruplaşmaların törətdiyi vəhşiliklər göz önündədir: "Əvvəllər də tarixi abidələr dağıdılıb. Orta əsrlərdə baş verən müharibələrdə fatehlər tutduqları ərazilərdə məbədləri, müxtəlif mədəniyyət abidələrini dağıtmaqla onları tarixdən silməyə çalışırdılar. İkinci Dünya müharibəsində faşist Almaniyasının törətdiyi vəhşiliklər içərisində mədəniyyət irsinin, dini irsin, insanlığa məxsus mədəniyyət nümunələrinin kütləvi şəkildə dağıdıldığı müşahidə olunub. Təəssüf ki, bəşəriyyət hələ də keçmişindən ibrət dərsi götürə bilmir. Bu gün bu cür vəhşiliklər təkrar olunur".

M.Qurbanlı bildirib ki, mədəni və dini abidələrə qarşı həyata keçirilən vəhşiliklər yalnız islam adı altında fəaliyyət göstərən terrorçu qruplaşmalar tərəfindən edilmir. Onun sözlərinə görə, başqa qruplaşmalar tərəfindən də bu cür işlər törədilir: "Myanmada törədilən vəhşiliklər müsəlman abidələrinin dağıdılması ilə özünü göstərdi. Yaxud da radikal dini qruplaşmaların törətdikləri vəhşiliklər də bütövlükdə İslam mədəniyyət abidələrinin, o cümlədən bəşəriyyətə məxsus abidələrin dağıdılması ilə müşayiət olunur. Bu gün kimsə deyə bilməz ki, Misir ehramları Misirdə yaşayan indiki xalqa məxsusdur. Ehramlar bütün bəşəriyyətin mədəni irsi sayılır. Bəşəriyyətə məxsus abidələrin dağıdılması acınacaqlıdır".

Komitə sədri Azərbaycanın mədəni abidələrinin dağıdılmasından da danışıb və bu acını Azərbaycanın hələ də üzərində hiss etməkdə olduğunu vurğulayıb. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Azərbaycana məxsus həm dini, həm də mədəniyyət abidələrinin kütləvi şəkildə dağıdıldığını qeyd edən M.Qurbanlı bildirib ki, ümumi hesablamalara görə ən azı 900-ə yaxın mədəniyyət və dini abidələr erməni işğalı nəticəsində məhv edilib.

Son xəbərlər

Orphus sistemi