​Gürcüstan baş nazirinin müsəlmanlar üçün verdiyi iftar zamanı işıqlar sönüb və tədbir qaranlıqda davam edib

​Gürcüstan baş nazirinin müsəlmanlar üçün verdiyi iftar zamanı işıqlar sönüb və tədbir qaranlıqda davam edib Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri də iştirak edib
Din
30 İyun , 2016 01:16
​Gürcüstan baş nazirinin müsəlmanlar üçün verdiyi iftar zamanı işıqlar sönüb və tədbir qaranlıqda davam edib

Tbilisi. 30 iyun. REPORT.AZ/ Gürcüstanın baş naziri Georgi Kvirikaşvili iyunun 29-da bu ölkədə yaşayan müsəlmanlar üçün iftar süfrəsi təşkil edib. Tədbirin keçirildiyi restoranın işıqları gözlənilmədən söndürülüb və tədbir qaranlıqda davam edib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, ölkənin Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşaqmadze çıxış edərək müsəlmanları müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edib, ölkəsində dini icmalara yaradılan şəraitdən danışıb.

O bildirib ki, Gürcüstan hökuməti dini icmaların normal fəaliyyət göstərmələri üçün dövlət büdcəsindən vəsait ayırıb və bu yardım dini qurumların maddi-texniki bazasının gücləndirilməsinə sərf olunur.

Baş nazir Georgi Kvirikaşvili iyunun 29-da gecə Türkiyədə törədilən qanlı terror hadisəsi ilə əlaqədar Gürcüstan xalqı və hökuməti adından türk xalqına başsağlığı verib, bu terror hadisəni bütünlükdə insanlığa qarşı qatı cinayət adlandırıb. Baş nazir Gürcüstanın terroru lənətlədiyini, belə bir ağır gündə Türkiyənin yanında olduğunu bildirib.

O, daha sonra müqəddəs Ramazan bayramının əhəmiyyətindən danışıb, İslamın sülh, əmin-amanlıq və bərabərlik dini olduğunu bildirib.

Qərbi Gürcüstan müsəlmanlarının müftisi Bekler Kamaşidze çıxış edərək göstərilən diqqət və qayğıya, iftar süfrəsinin təşkilinə görə minnətdarlıq edib. O, Gürcüstandakı müsəlmanların dövlətin siyasi xəttini dəstəklədiklərini və digər dini təriqətlər ilə dostluq şəraitində yaşamaqda maraqlı olduqlarını dilə gətirib.

Tədbirdə Gürcüstan Müsəlmanları İdarəsi, Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyinin rəhbərləri, Azərbaycan, Türkiyə, Türkmənistanın bu ölkədəki səfirləri, diplomatik korpusun təmsilçiləri iştirak ediblər.

Qeyd edək ki, tədbir zamanı iftar süfrəsinin açıldığı “Tasmindia” restoranında işıqlar sönüb. Restoranın yerləşdiyi ərazidəki digər ictimai-iaşə obyektlərində, insanların əylənib istirahət etdikləri ərazidə işıqlar yansa da, uzun müddət restorana elektrik enerjisi verilməyib və tədbir qaranlıqda davam edib.

Son xəbərlər

Orphus sistemi