​Bakıda “Milli-mənəvi dəyərlərimiz və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi” mövzusunda konfrans keçirilib

​Bakıda “Milli-mənəvi dəyərlərimiz və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi” mövzusunda konfrans keçirilib “Cənnətə gedən yolumuz da Qarabağdan keçir”
Din
12 Aprel , 2016 16:56
​Bakıda “Milli-mənəvi dəyərlərimiz və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi” mövzusunda konfrans keçirilib

Bakı. 12 aprel. REPORT.AZ/ Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimiz və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi” mövzusunda konfrans keçirilib.

“Report”un xəbərinə görə, konfrans iştirakçıları şəhidlərin xatirəsini birdəqiqəlik sükutla yad ediblər.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, Milli Məclisin deputatı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun rəsmiləri, eləcə də Komitənin əməkdaşları, YAP Gənclər Birliyinin üzvləri, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin və Bakı İslam Universitetinin tələbələri, ziyalılar və gənclər iştirak ediblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov çıxış edərək bildirib ki, bu günlərdə cəbhə xəttində baş verən hadisələrdən sonra belə bir konfransın keçirilməsi təsadüfi sayıla bilməz. Əslində, cəbhədə baş verənlər Azərbaycan ordusunun və Azərbaycan gəncliyinin əzmkarlığını nümayiş etdirdi: “Bu hadisə həm Azərbaycan ordusunun nəyə qadir olduğunu, həm xalqımızın monolitliyini, həm Ali Baş Komandanın ətrafında sıx birləşməsini, həm də Azərbaycan gəncliyinin mübarizliyini və vətənpərvərliyini bir daha təsdiqlədi. Gənclərimizin nümayiş etdirdikləri vətənpərvərlik tədqirəlayiqdir və bu onu göstərir ki, Azərbaycan gəncliyi işğal olunmuiş torpalarımızı azad etməyə mənəvi-psixoloji baxımdan tam hazırdır”.

Gündüz İsmayılov qeyd edib ki, milli-mənəvi dəyərlər ruhunda formalaşmayan gənclik vətənpərvər ola bilməz. Çünki vətənpərvərlik milli-mənəvi dəyərlərimizin və Azərbaycançılıq ideologiyasının əsas elementlərindən biridir. Bu baxımdan son hadisələr Azərbaycan gəncliyinin həm də milli-mənəvi dəyərlərimizə sadiqliyini nümayiş etdirdi. G. İsmayılov vurğulayıb ki, milli-mənəvi dəyərlərimizin təbliği həm də radikalizmlə mübarizə çərçivəsində önəmli amillərdən biridir. Son hadisələr bir daha göstərdi ki, bizim savaşacağımız yer də, şəhid olacağımız məkan da Qarabağdır, Cənnətə gedən yolumuz da Qarabağdan keçir.

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov vurğulayıb ki, cəbhədə baş verən hadisələr zamanı bizlər Azərbaycan gəncliyinin nə qədər vətənpərvər olduğunun şahidi olduq: “Nəinki Azərbaycanın daxilində yaşayan bizim gənclərimiz, eləcə də ölkəmizin hüdudlarından kənarda yaşayan gənclərimiz də monolitlik göstərdilər. Beləcə, onlar cənab Prezidentin aparmış olduğu siyasəti tam dəstəklədilər. Onlar Vətənləri, torpaqları üçün son damla qanlarını belə verməyə hazır olduqlarını bildirdilər. Həqiqətən biz belə gənclərimizlə, partiyamızın üzvləri və Azərbaycan vətəndaşları ilə fəxr edirik”.

Sonra Milli Məclisin deputatı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılovun “Müasir gənclik və Vətənə məhəbbət”, Bakı Dövlət Universitetinin müəllimi Aqil Şirinovun “Azərbaycan gənci: millilik, qazilik, şəhidlik”, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Hikmət Babayevin “Multikultural cəmiyyətdə ortaq dəyər: Vətən uğrunda vəhdət” mövzularında məruzələri dinlənilib. Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Aparat rəhbəri Faiq Qürbətov, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Ramin Məmmədov məruzələr ətrafında çıxış ediblər.

Diqqətə çatdırılıb ki, atəşkəs rejiminə dair sənədin imzalanmasından 22 il keçməsinə baxmayaraq, bugünkü gəncliyin döyüş ruhu və fədakarlığı ölkə rəhbərliyinin gənclər siyasəti və kursunun doğruluğunu bir daha təsdiqləyir.

Sonda mövzu ətrafında müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi