​Azərbaycan prezidenti: “Bakı fərqli dinlərə mənsub insanların qarşılıqlı anlaşma şəraitində yaşadığı şəhərdir”

​Azərbaycan prezidenti: “Bakı fərqli dinlərə mənsub insanların qarşılıqlı anlaşma şəraitində yaşadığı şəhərdir” Prezident Avropa Şurasının mübadilə görüşünün iştirakçılarına müraciət ünvanlayıb
Din
1 Sentyabr , 2014 16:38
​Azərbaycan prezidenti: “Bakı fərqli dinlərə mənsub insanların qarşılıqlı anlaşma şəraitində yaşadığı şəhərdir”
Bakı. 1 sentyabr. REPORT.AZ/ “Fərqli dinlərə və inanclara mənsub insanların əsrlərdən bəri qarşılıqlı anlaşma şəraitində yaşadığı Bakı şəhərində toplaşmağınız rəmzi xarakter daşıyır. Müzakirə etdiyiniz məsələlərin müasir Avropa üçün taleyüklü rol oynadığını nəzərə alaraq xüsusi qeyd etmək lazımdır ki, tarixən bu qitədə müxtəlif dinlər xalqların mənəvi zənginləşməsinə əhəmiyyətli təsir göstərib”. Report-un xəbərinə görə, bu fikirlər Azərbaycan prezidenti İlham Əliyevin “Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə” mövzusunda 2014-cü il mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşünün iştirakçılarına ünvanladığı müraciətdə yer alıb.

Prezident bildirib ki, bu mənəvi zənginləşmə cəmiyyətin bütün təbəqələrinə sirayət edərək, əslində, onun bütövlüyünün vacib şərtlərindən birinə çevrilib: “Eyni zamanda, təhsildə, mədəniyyətdə və gənc nəslin tərbiyəsi ilə bağlı digər sahələrdə yüksək dözümlülük mühitinin formalaşdırılması da hazırkı dövrün başlıca vəzifələrindəndir. Azərbaycanda bu istiqamətdə konkret addımlar atılmaqdadır”.

İ.Əliyev qeyd edib ki, yeni yaradılmış Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi məhz dünyada mədəni müxtəlifliyin ayrı-ayrı modellərinin tədqiqini və əldə olunan müsbət təcrübənin təbliğini qarşısına məqsəd qoyub: “Ümidvaram ki, Mərkəz öz fəaliyyəti ilə insanlığın böyük mənəvi sərvəti olan mədəni rəngarəngliyin daha dərindən araşdırılması işində uğurlar qazanacaq, xoşməramlı niyyətlərimizin ümumbəşəri tarixi-mədəni və dini-mənəvi dəyərlər müstəvisində gerçəkləşməsi üçün əlverişli zəmin hazırlayacaq. Sürətlə qloballaşan dünyada mövcud siyasi, iqtisadi və mədəni proseslər hər bir ölkədən zamanın təxirəsalınmaz çağırışlarına adekvat cavab verməyi tələb edir. Bu isə dövlətlərarası əməkdaşlığın inkişaf etdirilməsi, yeni kreativ təfəkkürün və innovativ mühitin bərqərar olunması, eləcə də insanın dini əqidəsinə hörmətlə yanaşılması, irqçiliyin və dözümsüzlüyün hər hansı təzahürünün ləğvi ilə mümkündür. İnanıram ki, Sizin görüşünüz ümumavropa məkanında arzu olunan mühitin yaradılması prosesinə layiqli töhfəsini verəcək və yekun qərarlarınız Avropa ailəsinin bütövlükdə inkişafına xidmət göstərəcək”.

Son xəbərlər

Orphus sistemi