​Allahşükür Paşazadə İnquşetiyanın ordeni ilə təltif olunub

​Allahşükür Paşazadə İnquşetiyanın ordeni ilə təltif olunub QMİ sədri beynəlxalq konfransda iştirak edib
Din
14 May , 2015 22:54
​Allahşükür Paşazadə İnquşetiyanın ordeni ilə təltif olunub

Bakı. 14 may. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə bu gün Rusiya Federasiyası İnquşetiya Respublikasının Maqas şəhərində keçirilən “Dində mötədillik sülh, dinc qonşuluq və tərəqqiyə gedən yoldur” mövzusunda Beynəlxalq İlahiyyat Konfransında çıxış edib.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, QMİ sədri çıxışında dünyada gərginlik ocaqlarının və qanlı qarşıdurmaların sayının durmadan artdığı bir dövrdə mötədilliyə çağırış, dünya dinlərinin dəyərlərinə istinad edərək dinc qonşuluq, millətlər və dinlərarası həmrəylik ideyalarının təşviqinə həsr olunan Maqas Konfransını olduqca aktual və həyati əhəmiyyətli tədbir kimi dəyərləndirib.

Şeyxülislam xüsusi vurğulayıb ki, səmavi dinlərin nümayəndələrinin Maqasda bir araya gələrək mənəvi sahədə ümumi hədəf və vəzifələri ifadə edən bəyannamə qəbul etmələri dinlərarası dialoq işinə öz dəyərli töhfəsini verəcək və dini müstəvidə qarşıdurma yaratmaq niyyətində olan qüvvələrə tutarlı cavab olacaq.

QMİ sədri ümumi evimiz olan Qafqazda sülhə xələl gətirən məqamlar sırasında Dağlıq Qarabağ problemini konfrans iştirakçılarının diqqətinə çatdıraraq bildirib ki, məhz bu münaqişə postsovet məkanında separatizm, etnik təmizləmə və millətlərarası münaqişənin əsasını qoydu. Şeyxülislam postsovet məkanında münaqişələrin sülh yolu ilə həllinə yönəlik bütün səyləri dəstəklədiklərini və bu işə Uca Yaradandan xeyir-dua dilədiklərini bildirib.

İnquşetiya Respublikasının başçısı Yunusbek Yevkurovun dəvəti əsasında Maqasa səfər etmiş QMİ sədrinin himayədarlığı ilə keçirilən tədbirdə çoxlu sayda müsəlman dini liderlər, Rus Pravoslav Kilsəsi və yəhudi icmasının nümayəndələri, habelə Ümumdünya Müsəlman Alimləri Birliyinin baş katibi Əli Əl-Qaradaginin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib. Konfransda vətəndaş vəzifələri və vətənə məhəbbət haqqında İnquşetiya İlahiyyat Bəyannaməsi və digər yekun sənədlər qəbul edilib.

Konfransın gedişində İnquşetiya Respublikasının başçısı Yunusbek Yevkurov Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadəni “Fəal ictimai-siyasi və dini-maarifçi fəaliyyətinə görə” Rusiya Federasiyası İnquşetiya Respublikasının “Xidmətlərə görə” ordeni ilə təltif edib. O, şeyxülislamı Qafqaz üçün dəyərli şəxsiyyət kimi səciyyələndirib və Maqas Konfransında yaxından iştirakına görə ona dərin təşəkkürlərini bildirib.

Səfər çərçivəsində İnquşetiya Prezidenti Y.Yevkurov QMİ sədri şeyxülislam A. Paşazadəni qəbul edib. Görüşdə Azərbaycanı çox sevdiyini, Azərbaycan xalqına və şəxsən Prezident İlham Əliyevə böyük ehtiram bəslədiyini bildirən Y. Yevkurov ölkəmizə səfərlərindən zəngin təəssüratlarını şeyxülislamla bölüşüb, uğurlarımıza ürəkdən şad olduğunu bildirib. Y. Yevkurov Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin inquş xalqının ən çətin zamanlarında nümayiş etdirdiyi xoşməramlı münasibəti unutmadıqlarını və dahi şəxsiyyətin xatirəsini hər zaman ehtiramla yad etdiklərini diqqətə çatdırıb.

Qardaş xalqlarımız arasında səmimi münasibətlərin və əməkdaşlıq əlaqələrinin dərinləşməsində şeyxülislam A. Paşazadənin böyük xidmətləri olduğunu vurğulayan İnquşetiyanın başçısı QMİ sədrinin Qafqazda sülhpərvər missiyası və beynəlxalq müstəvidə dinlərarası dialoq istiqamətində fəaliyyətini yüksək qiymətləndirdiklərini bildirib.

Azərbaycanda hökm sürən dini tolerantlıq və multikultural həyat tərzinin çox dəyərli olduğunu bildirən Y. Yevkurov şeyxülislam A. Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Maqasa səfər etmiş Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandrı və Azərbaycandakı Dağ yəhudiləri icmasının başçısı Milix Yevdayevi fəal ictimai-siyasi və dini-ictimai fəaliyyətlərinə görə Rusiya Federasiyası İnquşetiya Respublikası Prezidentinin Fəxri fərmanı ilə təltif edib.

Görüşün sonunda xatirə hədiyyələri təqdim olunub.

Son xəbərlər

Orphus sistemi