“Report” “The Wall Street Journal”a istinadən xəbər verir ki, bu, ICM sorğu mərkəzinin keçirdiyi “exit-poll” nəticəsində məlum olub. Şotlandiyanın müstəqilliyi üçün sentyabrın 18-də keçiriləcək referendum öncəsi keçirilən sorğuda 1 005 nəfər iştirak edib. Respondentlərin "bəli" yaxud "xeyr" cavablarından birini seçdiyi sorğu və referendumda sual isə belədir: “Şotlandiya müstəqil ölkə olmalıdır. Bəli yoxsa xeyr?”
Rəsmi məlumatlara görə respondentlərin 48%-i “xeyr”, 36%-i “bəli”, qalan 16%-i isə “bilmirəm” cavabını seçib.
Sorğu zamanı soruşulan ikinci “Əgər Şotlandiya müstəqil dövlət olarsa, bu Şotlandiya iqtisadiyyatına müsbət yoxsa mənfi təsir edəcək?” sualı olub. Sorğuda iştirak edən respondentlərin 34%-i bu müstəqilliyin iqtisadiyyata müsbət, 45%-i mənfi təsir edəcəyini, 8%-i isə heç bir fərq etməyəcəyini deyib. Sorğu iştirakçılarının qalan 13%-i isə cavab verməkdə çətinlik çəkiblər.
“Əgər seçicilərin əksəriyyəti Şotlandiyanın müstəqil dövlət olması üçün “xeyr” desə, bu, Şotlandiya parlamentinin gücünə və məsuliyyətinə necə təsir edəcək?” sualına isə respondentlərin 41%-i deyib ki, yerli parlamentin gücü və məsuliyyəti artacaq. Qalan 31% parlamentdə heç bir dəyişiklik olmayacağını, 16% parlamentin gücünün və cavabdehliyinin azalacağını, 12% isə bu məsələyə münasibət bildirmək imkanının olmadığını deyib.