Yunanıstan parlamentində maliyyə yardımı qanunları müzakirə edilir

Yunanıstan parlamentində maliyyə yardımı qanunları müzakirə edilir Hökumət sərt qənaət tədbirlərinə əməl etməlidir
Digər ölkələr
15 İyul , 2015 22:02
Yunanıstan parlamentində maliyyə yardımı qanunları müzakirə edilir

Baku. 15 July. REPORT.AZ/ Yunanıstan millət vəkilləri üçüncü yardım paketini almaq üçün tələb edilən iqtisadi islahatları müzakirə edirlər.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, növbəti üç il ərzində 86 milyard avro məbləğində yardım paketini almaq istəyən hökumət sərt qənaət tədbirlərinə əməl etməlidir.

Yunanıstanla kreditorlar arasında əldə olunmuş razılaşma o cümlədən vergilərin artırılması və təqaüd yaşının qaldırılmasını nəzərdə tutur.

Beynəlxalq Valyuta Fondu (BVF) avrozonanın Yunanıstana yeni iqtisadi yardım planı ilə bağlı razılaşmanı tənqid edib.

Təşkilatın bildirdiyinə görə, Yunanıstanın dövlət borcu indi “həddən artıq dayanıqsızdır”.

Çərşənbə axşamı BVF avroqrup maliyyə nazirlərinə verdiyi məsləhətləri ictimailəşdirib. Məsləhətlərdə Yunanıstanın borclarının bir hissəsinin silinməsi təklifləri də yer alıb.

Ölkənin borcları ilə bağlı böhranın həllində BVF və Yunanıstanın kreditorları arasında fikir ayrılığı əvvəl də olub. Lakin bu ilk dəfədir ki, anlaşılmazlıq ictimailəşdirilir.

BVF rəsmilərindən birinin sözlərinə görə, üçüncü yardım paketi üçün maliyyə yalnız Avropa İttifaqı kreditorlarının “aydın plan” təqdim etməsindən sonra mümkün ola bilər.

Bu gün Yunanıstan parlamentində üçüncü yardım planı ilə bağlı iqtisadi islahatlara dair səsvermə keçiriləcək.

Yunanıstan borclarının təxminən 10 faizini BVF –na ödəməlidir.

O, iki dəfə bu ödəmə üçün son tarixi qaçırıb və bunu edən ilk Aİ ölkəsidir.

Son xəbərlər

Orphus sistemi